Seysmoloji Mərkəzdə “Elm günü”nə həsr olunmuş konfrans - sərgi keçirilib
Martın 29-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində “Elm günü”nə həsr olunmuş konfrans - sərgi keçirilib. “Zoom” platforması üzərindən onlayn şəkildə keçirilən konfransı giriş sözü ilə açan mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli sərəncamına əsasən ölkəmizdə hər il martın 27-i “Elm günü” kimi qeyd olunur. “Elm günü” münasibəti ilə hər il elmi müəssisə və təşkilatların müxtəlif səpkili tədbirlər keçirdiklərini qeyd edən baş direktor AMEA nəzdində RSXM-də “Elm günü”nün hər il yüksək səviyyədə qeyd olunduğunu bildirib.
“Biz çalışırıq ki, keçirdiyimiz tədbirlər həm elmi xarakterli olsun, həm də ictimaiyyətimiz üçün maarifləndirmə məqsədi daşısın”- deyən professor hər bir cəmiyyətin gələcək inkişafında elm və təhsilin böyük rol oynadığını vurğulayıb. Azərbaycanda seysmologiya elminin inkişaf tarixinə toxunarkən RSXM-nin baş direktoru bildirib ki, hazırda bu sahədə mərkəz tərəfindən dünyanın aparıcı ölkələri ilə eyni səviyyədə tədqiqatlar aparılır. RSXM-nin beynəlxalq əməkdaşlıq məsələlərindən danışarkən isə professor Qurban Yetirmişli bildirib ki, hazırda mərkəzin 30-a yaxın xarici ölkənin seysmoloji mərkəzləri ilə əməkdaşlığı var. “Biz beynəlxalq əməkdaşlıq məsələlərinə hər zaman xüsusi önəm veririk. Bu əməkdaşlıqlar həm ikitərəfli, həm də beynəlxalq layihələr çərçivəsində aparılır” - deyən baş direktor ötən il mərkəz tərəfindən elmi əməkdaşlıq sahəsində bir sıra önəmli sənədlərin imzalandığını qeyd edib. Onun sözlərinə görə, qardaş Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti və Böyük Britaniyanın Oksford Universiteti ilə əldə olunmuş razılaşmalar gələcəkdə birgə tədqiqatların aparılması üçün böyük əhəmiyyət kəsb edir.
RSXM-nin baş direktoru çıxışında dünyada ilk olaraq, Azərbaycanda palçıq vulkanları ətrafında seysmik stansiyaların quraşdırıldığını və palçıq vulkanlarının dinamikasının bu stansiyalar vasitəsi ilə öyrəniləcəyini də qeyd edib. Qeyd edək ki, palçıq vulkanları ətrafında quraşdırılması nəzərdə tutulan 12 seysmik stansiyalardan 10 stansiya artıq quraşdırılıb. Qalan 2 stansiyanın quraşdırılması işləri yaxın vaxtlarda başa çatdırılacaq.
Konfrans - sərgidə RSXM-nin “Seysmologiya” şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli 1902-ci ildə Şamaxıda baş vermiş zəlzələ, son 120 ildə Azərbaycanda aparılan seysmoloji tədqiqatlarda istifadə olunan cihazlar və seysmoloji tədqiqatların inkişaf tarixinə həsr olunmuş təqdimatla çıxış edib. 1902-ci il Şamaxıda baş verən zəlzələdən sonra Azərbaycanda instrumental seysmik müşahidələrə başlanıldığını bildirən şöbə müdirinin sözlərinə görə, ötən əsrin əvvəllərində istifadə olunan seysmik cihazların yazıları Tbilisidəki arxivdə saxlanılır. Bu yazıların elmi baxımdan olduqca qiymətli olduğunu deyən Tahir Məmmədli bildirib ki, zamanla bütün sahələrdə inkişaf getdiyi kimi seysmik cihazların istehsalı sahəsində də modernləşmə olub.
“Bu gün Azərbaycanda ən müasir seysmik cihazlar var. Bu stansiyalar peyk vasitəsi ilə məlumatları şəbəkəyə ötürürlər” - deyən şöbə müdiri artıq yerin təkində gedən geodinamik proseslərin də müxtəlif cihazlar vasitəsi ilə öyrənildiyini qeyd edib. Həmçinin o, çıxışında Azərbaycanda seysmologiya sahəsinin inkişafında dövlətin dəstəyinin böyük olduğunu qeyd edib. Onun sözlərinə görə, 25 noyabr 2000-ci ildə Bakıda baş verən güclü zəlzələdən sonra Ulu Öndərimiz Heydər Əliyevin göstərişi ilə ölkəmizə ən müasir seysmik stansiyalar alınıb gətirilərək quraşdırılıb. Möhtərəm Prezidentimiz İlham Əliyevin də hər zaman bu sahəyə böyük diqqət göstərdiyini qeyd edən alim artıq ölkəmizdə seysmik monitorinq şəbəkəsinin genişləndiyini və hazırda 62 seysmik stansiya məlumatları əsasında seysmik tədqiqatların aparıldığını deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda seysmik stansiyaların sayı 84-ə çatacaq.
Şöbə müdiri həmçinin mərkəzdə geofiziki, geodinamik və geokimyəvi tədqiqatlar aparıldığını da qeyd edib.
Qeyd edək ki, konfrans - sərgidə son 120 ildə ölkəmizdə aparılan seysmik tədqiqatlar zamanı istifadə olunan cihazlarla bağlı təqdimat da nümayiş etdirilib.
İştirakçıların suallarının cavablandırılmasından sonra konfrans başa çatıb.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi