RSXM-nin Elmi-Texniki Şurasının iclası keçirilib
İyulun 1-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elmi-Texniki Şurasının iclası keçirilib. İclasda Elmi-Texniki Şuranın üzvləri, AMEA-nın Elm və təhsil şöbəsinin əməkdaşı, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Rəna Qasımova, mərkəzin müvafiq şöbələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.
İclasda çıxış edən AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bu ilin altı ayı ərzində mərkəzdə aparılan kompleks seysmoloji-geofiziki, geodinamik və geokimyəvi tədqiqatlar, əldə olunmuş nəticələr və qarşıda duran vəzifələr haqqında danışıb.
Daha sonra Elmi-Texniki Şuranın gündəliyinə uyğun olaraq mərkəzin Zəlzələlərin tədqiqatı bürosunun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova “Azərbaycan və ətraf bölgələrin seysmikliyinin xüsusiyyətləri”, Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova “Zəlzələ ocaqlarının tədqiqi, palçıq vulkanlarının monitorinqi və Beynəlxalq Seysmotomoqrafiya laboratoriyası” və “Paleoseysmoloji məlumatlara əsasən Böyük Qafqazda tarixi zəlzələlərin episentral zonalarının müəyyən edilməsi (2023-2024-cü illər )”, Geodinamika şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov “Azərbaycan ərazisinin GPS məlumatları əsasında geodinamikası”, "Makroseysmik tədqiqatlar" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev “Makroseysmik tədqiqatlar”, "Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırması" şöbəsinin müdiri vəzifəsini icra edən Lalə Fəttahova “Mühəndisi-seysmoloji tədqiqatlar”, "Maqnitometriya" şöbəsinin müdiri vəzifəsini icra edən Nadirşah Xanbabayev “Maqnitometrik tədqiqatlar”, Qravimetriya şöbəsinin elmi işçisi Almaz İsmayılova “Qravimetrik tədqiqatlar”, “Kompleks geokimyəvi tədqiqatlar” şöbəsinin elmi işçisi Aybəniz Kərəmova “Kompleks geokimyəvi tədqiqatlar” mövzularında altı aylıq hesabatlarını təqdim ediblər.
İclasda həmçinin “Azərbaycan ərazisinin, o cümlədən işğaldan azad edilmiş ərazilərin seysmikliyinin və seysmotektonikasının tədqiqi (2021-2025-ci illər )” mövzusunda (Məruzəçilər: "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin müdiri, g-m.üzrə f.d., dosent S.E.Kazımova və Zəlzələlərin tədqiqatı bürosunun rəisi, y.e.ü.f.d. S.S.İsmayılova) məruzə də təqdim edilib.
İclasda AMEA-nın Elm və təhsil şöbəsinin əməkdaşı, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Rəna Qasımova və BDU-nun Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Əvəz Məmmədov təqdim olunan hesabatlar və mərkəzdə aparılan elmi tədqiqatlarla bağlı çıxış edərək, görülən işləri müsbət qiymətləndiriblər.
İclas yarımillik hesabatların qəbul edilməsi və təqdim olunmuş məruzə ətrafındakı müzakirələrdən sonra başa çatıb.