Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi haqqında

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Azərbaycan Respublikasında zəlzələlərin tədqiqatı və öyrənilməsi ilə məşğul olan yeganə təşkilatdır.

Mərkəzdə seysmoloji, geofiziki, geokimyəvi və geodinamik  kompleks tədqiqatlar aparılır.

AMEA nəzdində RSXM - də seysmoloji tədqiqatlar ən müasir, peyk rabitəsi ilə işləyən seysmik stansiyalar şəbəkəsi vasitəsi ilə aparılır. ABŞ-ın "Kinemetrics" şirkətinin istehsalı olan bu seysmik stansiyalar şəbəkəsi dünyanın əsas aparıcı dövlətlərində var.

Hazırda Respublika Seysmoloji Xidmət Mərkəzinin respublika ərazisində 84 seysmik stansiyası fəaliyyət göstərir. Dünyada ilk dəfə olaraq Azərbaycanda palçıq vulkanlarının ətrafında 12 seysmik stansiya quraşdırılıb ki, həmin stansiyalar vasitəsi ilə palçıq vulkanlarının dinamikası öyrənilir. 

Mərkəzin respublika ərazisində 24 GPS stansiyası da fəaliyyət göstərir. Azərbaycanın Saatlı rayonundakı dərinliyi 8324 metr olan quyu üzərində yerləşdirilmiş GPS stansiya öz unikallığı ilə seçilir. RSXM-nin respublika ərazisində həmçinin geofiziki və geokimyəvi stansiyaları da fəaliyyət göstərir.

 Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin yaranmasının tarixi mərhələləri olmuşdur. Azərbaycanda ilk dəfə instrumental müşahidələrə XX əsrin əvvəllərində başlanılmışdır.

1902-ci ildə Şamaxıda baş verən güclü zəlzələdən sonra Azərbaycan ərazisində üç yerdə seysmik stansiyalar quraşdırılmış və bununla da instrumental müşahidələrə başlanılmışdır.

Keçmiş sovetlər birliyi zamanı uzun müddət Azərbaycanda müstəqil seysmoloji xidmətin fəaliyyətinə icazə verilməsə də, 1979-cu ildə Azərbaycan SSRİ Nazirlər Sovetinin qərarına və Milli Elmlər Akademiyasının sərəncamına əsasən AMEA Geologiya İnstitutunda “Geofizika” Elmi Mərkəzində Təcrübi-Metodiki Geofizika Partiyası yaradılmışdır.

1980-ci ildə isə bunun əsasında Təcrübi - Metodik Geofizika Ekspedisiyası təşkil edilmişdir. 

1980-1990-cı illərdə respublika ərazisinin bütün seysmogen zonanı əhatə edən stasionar geokimyəvi və geofiziki stansiyalar şəbəkəsi yaranmış, episentral zona yaxınlığında geofiziki, hidro-qaz və radiokimyəvi sahələrin planlı şəkildə öyrənilməsinə başlanılmış, seysmogen zonanın gərginlik deformasiya vəziyyətinin qiymətləndirilməsi və geofiziki sahə variasiyalarının və geokimyəvi sahə parametrlərinin anomal dəyişmələrinin seysmoproqnoz əlamətlərinin aşkarlanması metodikası işlənib hazırlanmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.09.1998-ci il tarixli 179 saylı və Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 17.12.1998-ci il tarixli 22/2 saylı qərarları ilə TMGE-yə 1999-cu ildən AMEA - nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi statusu verilmişdir.

2008-ci ildən AMEA nəzdində RSXM-ə AMEA-nın müxbir üzvü, "Əməkdar Elm xadimi", geologiya-mineralogiya elmlər doktoru, professor Qurban Cəlal oğlu Yetirmişli rəhbərlik edir. Azərbaycanda seysmik monitorinq şəbəkəsinin qurulması və genişləndirilməsində onun müstəsna xidmətləri olmuşdur.

Respublika Seysmoloji Xidmət Mərkəzində aparılan işlər nəticəsində alınan məlumatlardan təkcə istehsalat məqsədi ilə deyil, elmi-tədqiqat araşdırmaları zamanı da istifadə edilməkdədir.

Mərkəz 30-a yaxın xarici ölkənin seysmoloji mərkəzləri ilə əməkdaşlıq edir. Mühüm beynəlxalq seysmoloji təşkilatların – EMSC (Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi), IRIS (Birləşmiş Seysmoloji Araşdırmalar İnstitutu), ORFEUS (Avropa Seysmoloji Müşahidə və Araşdırmaları Mərkəzi), ESC (Avropa Seysmoloji Komissiyası), EGU (Avropa Geofiziklər Birliyi) və AGU (Amerika Geofiziklər Birliyi) üzvüdür.

Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə