Özbəkistanlı seysmoloqlar RSXM-də olublar
Azərbaycanda səfərdə olan Özbəkistan Respublikasının Elm, Təhsil və İnnovasiyalar nazirliyinin yanında Qabaqcıl Texnologiyalar Mərkəzinin əməkdaşları - Yer Elmləri üzrə fəlsəfə doktoru Azamat Zakirov və Bobur Abdurahmanov AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olublar. AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə görüşdə Azərbaycan və Özbəkistanın seysmoloji mərkəzləri arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi, birgə elmi tədqiqatların aparılması, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb.
AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli qonaqlara RSXM-də aparılan elmi tədqiqatlar və əldə olunmuş nəticələr haqqında məlumat verərək bildirib ki, mərkəzin tədqiqat istiqamətləri çoxşaxəlidir. Mərkəz tərəfindən respublika ərazisində kompleks seysmoloji-geofiziki-geokimyəvi tədqiqatlar aparılır. Həmçinin Abşeron yarımadasında və onun ətraf ərazilərində olan palçıq vulkanlarının dinamikası seysmik stansiyalar vasitəsilə izlənilir.
RSXM-nin beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyəti haqqında danışarkən professor Qurban Yetirmişli mərkəzin dünyanın aparıcı universitetləri (Oksford Universiteti, Missuri Universiteti, Miçiqan Universiteti və s.) və seysmoloji mərkəzləri ilə yaxından əməkdaşlıq etdiyini bildirib. Baş direktor Azərbaycan və Özbəkistan seysmoloqlarının birgə elmi layihələrdə iştirak etməsinin mümkün olduğunu qeyd edərək, bunun ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi və təcrübə mübadiləsi baxımdan da səmərəli olduğunu qeyd edib.
Özbəkistan Respublikasının Elm, Təhsil və İnnovasiyalar nazirliyinin yanında Qabaqcıl Texnologiyalar Mərkəzinin əməkdaşı, Yer Elmləri üzrə fəlsəfə doktoru Azamat Zakirov Azərbaycanda aparılan seysmoloji tədqiqatlarla yaxından maraqlandıqlarını və bu sahədə Azərbaycan seysmoloqlarının çox böyük uğurlara imza atdığını qeyd edib. Azərbaycan seysmoloqlarının əldə etdiyi nəticələrin maraq doğurduğunu deyən özbəkistanlı qonaq iki ölkənin elmi tədqiqat müəssisələri arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının yeni elmi nəticələrin əldə olunması baxımından faydalı olduğunu qeyd edib.
Daha sonra qonaqlar AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosu, “Zəlzələ ocaqlarının dinamikası” və “Geodinamika” şöbələrində aparılan işlərlə yaxından tanış olublar. RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova mərkəzdə aparılan elmi tədqiqatlar və alınmış nəticələrə dair geniş təqdimatla çıxış edib. Görüşdə qonaqları maraqlandıran suallara aydınlıq gətirilib.
Görüş hədiyyələrin təqdim edilməsi və xatirə şəklinin çəkilməsi ilə başa çatıb.