Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Bakıda beynəlxalq seysmoloji konfransın açılışı olub

13 May 2024
Bakıda beynəlxalq seysmoloji konfransın açılışı olub

Mayın 13-də Bakıda “Qafqazda Seysmik Təhlükə Yenilikləri və Müasir Mühəndislik Təcrübələrinin nəticələri” mövzusunda beynəlxalq konfransın açılış mərasimi olub.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə keçirilən konfransda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, Yer Elmləri bölməsinin rəhbəri, akademik İbrahim Quliyev, AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, baş direktorun Elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov və mərkəzin müvafiq şöbələrinin rəhbərləri,  Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri, eləcə də səkkiz ölkədən 30-a yaxın dünyada tanınmış seysmoloq alim və mütəxəssislər iştirak ediblər.

AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli açılış mərasimində beynəlxalq konfransın Bakıda keçirilməsinin əhəmiyyəti və iştirakçı ölkələr tərəfindən təqdim olunan məruzələr haqqında məlumat verərək bildirib ki, üç gün davam edəcək müzakirələrdə Qafqazda son seysmik məlumatların toplanması və təhlili, müasir tikinti normalarında konseptlər, zəlzələ kataloqunun təkmilləşdirilməsi, seysmik metodlar və təhlükənin qiymətləndirilməsi tələbləri və s. mövzularda müzakirələr aparılacaq.

AMEA - nın prezidenti, akademik İsa Həbibbəyli açılış mərasimində geniş məruzə ilə çıxış edib. Azərbaycanda seysmologiya sahəsinin inkişaf etdiyini və mərkəzin beynəlxalq əlaqələrinin də yaxşı səviyyədə olduğunu qeyd edən AMEA prezidenti beynəlxalq seysmoloji konfransın Azərbaycanda keçirilməsinin əhəmiyyəti haqqında da danışıb. AMEA prezidenti bildirib ki, bu ilin payızında Azərbaycanda COP29-la bağlı beynəlxalq tədbir keçiriləcək. Bu tədbirin ətraf mühit, ekologiya ilə bağlı olduğunu vurğulayan AMEA prezidenti “Seysmologiya elmi də ətraf mühitlə, Yerlə bağlı olduğuna görə hesab edirəm ki, bu günkü konfransı həm də COP29-la bağlı bir hazırlıq tədbiri kimi qiymətləndirə bilərik”- deyib.

AMEA prezidenti çıxışında Respublika Seysmoloji Xidmət Mərkəzinin fəaliyyətinə də toxunaraq, mərkəz rəhbərliyinin və əməkdaşlarının baş verən zəlzələlər, eləcə də zəlzələ ilə bağı əhalinin maarifləndirilməsinin operativ şəkildə həyata keçirildiyini qeyd edib. Azərbaycanın seysmik bölgədə yerləşdiyini və vaxtaşırı burada hiss olunan zəlzələlər də olduğunu qeyd edən akademik İsa Həbibəyli Azərbaycan seysmoloqlarının ən müasir avadanlıq və texnoloji proqramlarla işlədiklərini də diqqətə çatdıraraq, konfransın işinə uğurlar arzulayıb.

Daha sonra ABŞ Dövlət Departamentinin Enerji Departamentinin layihələr üzrə nümayəndəsi Viliam Vanderer “Qafqazda Seysmik Təhlükə Yenilikləri və Müasir Mühəndislik Təcrübələrinin nəticələri” mövzusunda konfransın Bakıda keçirilməsinin əhəmiyyəti haqqında danışıb. O, bildirib ki, Cənubi Qafqaz regionu seysmik baxımdan aktiv bölgə olduğuna görə burada seysmoloji tədqiqatların aparılması böyük əhəmiyyət daşıyır. Azərbaycanda seysmoloji tədqiqatların yüksək səviyyədə olduğunu bildirən amerikalı qonaq Bakıda keçirilən üç günlük müzakirələrdən yaxşı nəticələr əldə olunacağına inandığını deyib.

Kanadanın Viktoriya Universitetinin professoru Tuna Onur konfransda “Seysmik təhlükənin qiymətləndirilməsi” mövzusunda məruzə ilə şıxış edib.

Açılış mərasimindən sonra iştirakçılar kollektiv şəkil çəkdiriblər və konfransda müzakirələr işçi qaydada davam etdirilib.

Qeyd edək ki, konfrans mayın 15-ə qədər davam edəcək.

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə