Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Azərbaycanda 22 yeni seysmik stansiya qurulacaq

12 İyun 2020
Azərbaycanda 22 yeni seysmik stansiya qurulacaq

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə “Qafqazda və Mərkəzi Asiyada Seysmik Şəbəkənin Genişləndirilməsi (Seismic Network Expansion in the Caucasus and Central Asia)” layihəsinin icrasına başlayıb. 

 

Layihənin məqsədi Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin  seysmik şəbəkəsinin genişləndirilməsi, seysmik tədqiqatların aparılması üçün istifadə olunacaq texnoparkın yenilənməsidir. Bu məqsədlə Azərbaycan ərazisində 22 yeni seysmik stansiya qurulacaq. Bu stansiyalardan 12-si Abşeron ərazisində yerləşən Bozdağ-Qobu və Lökbatan palçıq vulkanlarının ətrafında quraşdırılacaq ki, bu da həmin vulkanların aktivliyini izləməyə imkan verəcək. Bundan əlavə, Azərbaycanın Xəzər dənizi sahili boyunca bir sıra məntəqələrində, həmçinin dənizdəki adalarda quraşdırılacaq seysmik stansiyalar Xəzər dənizinin seysmikliyini, dərinlik quruluşunu tomoqrafik metodlarla daha müfəssəl öyrənməyə, qonşu ölkələrlə seysmoloji məlumatların mübadiləsinə geniş imkanlar açacaq. 

  

Layihə çərçivəsində Azərbaycan, ABŞ, Ukrayna, Qazaxstan, Tacikistan, Qırğızıstan və Gürcüstandan 30-a yaxın seysmoloqun iştirakı ilə onlayn görüş keçirilib. Görüşdə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinın baş direktoru,  AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, AMEA nəzdində RSXM-nin “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov, RSXM-in sistem administratoru Ruqiyyə Kərimova, Ukraynanın Elm və Texnologiya Mərkəzinin ölkələrarası əməkdaşlıq layihələri üzrə meneceri Yelena Taberko, Miçiqan Dövlət Universitetinin geoloji elmlər şöbəsinin seysmoloji laboratoriyasının baş mühəndisi Daniel Burk, Qazaxıstan Milli Məlumat Mərkəzinin direktoru Natalya Mixaylova, ABŞ-ın Livermor Milli Laboratoriyasının (LML) seysmoloji layihələr departamentinin rəhbəri Rengin Gök, ABŞ Birləşmiş Seysmoloji Tədqiqat İnstitutlarının (IRIS) prezidenti Robert Woodward,  IRIS Stansiya yerləşdirmə koordinatoru Ryan Bierma, menecer Bob Busby, Proqram Meneceri Katrin Hafner, Stansiya mütəxəssisi Jeremy Miner, Layihə meneceri Kasey Aderhold, Miçiqan Dövlət Universitetinin Yer və Ətraf Mühit Elmləri departamentinin professoru Kevin Mackey, Gürcüstan Seysmik Monitorinq Mərkəzinin direktoru Tea Qodoladze və s. iştirak ediblər. 

Qeyd edək ki, hazırda respublika ərazisində RSXM-nin 35 daimi seysmik stansiyası var.  Bundan başqa “Qafqaz kəsilişi” layihəsi üzrə 17, eləcə də qruntun titrəyişini qeydə alan 10 stasionar bazalt seysmik stansiyalar işləyir. Yeni stansiyaların quraşdırılmasından sonra respublika ərazisində ümumilikdə 84 seysmik stansiya fəaliyyət göstərəcək. RSXM - də aparılan tədqiqatlar zamanı məlumat mübadiləsi əsasında sərhəd bölgəsində yerləşən Gürcüstanın Seysmoloji Xidmət Mərkəzinin 3, Türkiyənin isə 2 seysmik stansiyasının məlumatlarından da istifadə edilir. 

 AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi  

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə