Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Yanvar ayında Azərbaycanda 550-dən çox zəlzələ baş verib

4 Fevral 2020
Yanvar ayında Azərbaycanda 550-dən çox zəlzələ baş verib

AMEA Geologiya və Geofizika İnstitutunda Türkiyənin Elazığ şəhərində baş vermiş zəlzələyə həsr olunan ümuminstitut seminarı keçirilib.

Tədbiri müəssisənin direktoru, akademik Akif Əlizadə açaraq 2020-ci il yanvarın 24-də Elazığ şəhərində dağıntılar və böyük insan itkisi ilə müşayiət olunan 6,8 bal gücündə zəlzələnin baş verdiyini söyləyib. O, təbii fəlakətin səbəblərinin mütəxəssislər tərəfindən müzakirə edilməsinin və bu istiqamətdə tədqiqatların aparılmasının vacibliyini vurğulayıb.

Sonra GGİ-nin şöbə müdiri, akademik Fəxrəddin Qədirov Elazığ zəlzələsinin tektonik və geodinamik analizini təqdim edib. Bildirib ki, 1998-ci ildən etibarən Azərbaycanın da daxil olduğu 26 dövlətin alimlərinin iştirakı ilə Aralıq dənizi ölkələrinin seysmik aktivliyi GPS məlumatları əsasında müşahidə edilir.

Türkiyənin zəlzələ xəritəsini nümayiş etdirən F.Qədirov Elazığdakı təbii fəlakətin Malatya və digər yaxın şəhərlərdə güclü hiss olunduğunu bildirib. Alim aktiv, inkişafda olan qırılmaların bu gün də qeydə alındığını və hazırda sözügedən ərazilərdə mütəmadi yeraltı təkanların baş verdiyini söyləyib.

Seminarda, həmçinin Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli çıxış edərək Elazığ və ətraf şəhərlərin Şərqi Anadolu qırılması üzərində yerləşdiyini, bu bölgədə dəfələrlə maqnitudası 5-dən yuxarı zəlzələlərin olduğunu bildirib. Ötən ay seysmik aktivliyin yüksək olduğunu deyən alim həmin dövrdə dünya miqyasında 5 baldan güclü 165 yeraltı təkanın baş verdiyini diqqətə çatdırıb. Q.Yetirmişli yanvar ayında Azərbaycanda 3 baldan aşağı 550-dən çox zəlzələnin müşahidə edildiyini, maqnitudası 3-dən yuxarı olan isə 4 seysmik təkanının qeydə alındığını bildirib. O, tikinti və şəhərsalma zamanı seysmik ballıq qiymətləndirilmənin aparılmasının zəruriliyini vurğulayıb.Daha sonra çıxışlar ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.


 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə