Xəzər dənizində baş verən zəlzələ ilə bağlı RSXM-də mətbuat konfransı keçirilib
Bu gün yerli vaxtla saat 08:15:41-də Xəzər dənizində baş verən zəlzələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin, Fövqəladə Hallar Nazirliyinin yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədovun və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyevin iştirakı ilə media nümayəndələri üçün birgə mətbuat konfransı keçirilib.
Mətbuat konfransında çıxış edən RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, bu gün yerli vaxtla saat 08:15:41-də Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan rayonlarında, eləcə də Abşeron yarımadasında hiss olunub. Zəlzələ ocağına yaxın ərazilərdə 5 bal, ətraf rayonlarda isə bəzi yerlərdə 4, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub.
Bakı şəhərinin bəzi ərazilərində zəlzələnin hiss olunduğunu bildirən baş direktor zəlzələdən sonra RSXM-nin Monitorinq Mərkəzi tərəfindən beş afterşokun qeydə alındığını deyib. Zəlzələ ocağında afterşokların davam etməsinin mümkün olduğunu qeyd edən professor Qurban Yetirmişli insanlar arasında narahatçılıq və təşvişə ehtiyac olmadığını qeyd edərək, əhalini narahat olmamağa, rəsmi mənbələrdən məlumat almağa çağırıb.
RSXM-nin baş direktoru həmçinin onu da əlavə edib ki, bu gün baş verən zəlzələ bu ilin iyul ayında (04.07.2023 tarixində yerli vaxtla saat 00:01-də Xəzər dənizində baş vermiş zəlzələ (ml=5.6; h=66 km.) Xəzər dənizində baş verən zəlzələ ocağının yaxınlığında qeydə alınıb.
Baş direktor çıxışı zamanı həmçinin zəlzələ ocağının mexanizmi, zəlzələ zamanı ayrılan enerji, Azərbaycanın seysmik baxımdan aktiv olan əraziləri, aparılan kompleks seysmoloji-geofiziki, geodinamik və geokimyəvi tədqiqatlar haqqında da ətraflı məlumat verib.
Mətbuat konfransında çıxış edən Fövqəladə Hallar Nazirliyinin yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib ki, zəlzələdən sonra nazirliyin müvafiq qurumları tərəfindən heç bir dağıntı və təlafat qeydə alınmayıb. Nazirliyin bütün müvafiq strukturlarının gündəlik rejimdə işlədiyini bildirən nazirlik rəsmisi əhalini təşvişə düşməməyə və rəsmi qurumların məlumatlarını izləməyə çağırıb.
DİN-nin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev zəlzələ ilə bağlı nazirliyin bütün qurumlarının gücləndirilmiş iş rejiminə keçdiyini, vətəndaşlar arasında yaranmış narahatçılıqla bağlı ərazilərdə nəzarətin artırıldığını qeyd edib. Onun sözlərinə görə, zəlzələdən sonra heç bir ərazidə oğurluq və digər bu kimi neqativ hallar qeydə alınmayıb.
Daha sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.