Xankəndində bayrağımızın sancılması Ali Baş Komandanımızın siyasi iradəsinin, qətiyyətinin və müdrik siyasətinin məntiqi nəticəsidir

Oktyabrın 16-da AMEA nəzdində RSXM-də iclas keçirilib. İclasda RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli oktyabrın 15-də Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Xankəndində, Xocalıda, Ağdərə və digər ərazilərimizdə Azərbaycan bayrağını qaldırması haqqında danışıb. Belə bir gözəl tarixi günlər yaşatdığına görə Azərbaycan Prezidentinə öz minnətdarlığını bildirən baş direktor “Cənab Prezidentimizin də dediyi kimi biz bu qələbəni Azərbaycan xalqının, Azərbaycan övladlarının sayəsində qazandıq. Həm Vətən müharibəsində, həm də bu ilin sentyabrında keçirilən antiterror əməliyyatlarında döyüşən və bizə bu qələbəni bəxş edən şəhid və qazilərimizin əksəriyyəti elə son 20 ildə böyüyən vətənpərvər gənclərimiz idi. Onların çoxu heç vaxt Qarabağı görməmişdilər. Bu tarixi Zəfəri bizə yaşatdığına görə biz Ali Baş Komandanımıza, şəhidlərimizə, qazilərimizə, Müzəffər Azərbaycan ordusuna minnətdarıq”. Q.Yetirmişli bildirib ki, bu il müasir Azərbaycan qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd olunur və Ulu Öndərin ən böyük arzularından biri Qarabağı azad görmək idi. "Artıq torpaqlarımız tam olaraq azaddır, suverenliyimiz bərpa olunub. Əminəm ki, bu günü görmədən dünyadan köçənlərin, Ulu Öndərimizin və bütün şəhidlərimizin ruhu şaddır”. Baş direktor tarixi hadisənin Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinə başlamasının 20-ci ildönümü günündə baş verməsinin də xüsusi əhəmiyyəti olduğunu qeyd edərək, son 20 ildə Möhtərəm Prezidentimizin Qarabağın azad olunması üçün bütün istiqamətlərdə düşünülmüş və uzaqgörən siyasət apardığını qeyd edib. "Ona görə də bu gözəl tarixi günlərə şahidlik etməyimiz aparılan düzgün siyasətin, qətiyyətli iradənin məntiqi nəticəsi idi".
İclasda Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Baş direktor çıxışında həmçinin işğaldan azad olunan ərazilərdə seysmik stansiyaların quraşdırılması məsələsinə də toxunub. RSXM-nin Qarabağda 10 seysmik stansiya açmaq planı olduğunu və bunun mərhələli şəkildə həyata keçiriləcəyini bildirən baş direktor hazırda Şuşa seysmik stansiyasının quraşdırılması prosesinin davam etdirildiyini bildirib.
Daha sonra baş direktor Qurban Yetirmişli AMEA-nın “Elektron akademiya” şöbəsi tərəfindən keçirilən Vikipediya təlimlərində iştirak edən RSXM-nin beş nəfər əməkdaşı- Elektron xidmətlər şöbəsinin əməkdaşları Nuranə Məmmədova və İlahə Trequlova, “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma şöbəsi”nin əməkdaşları – İlhamə Cəlilova, Aytən Babazadə və Firuzə Mehdizadəyə təlimlərdə yüksək nəticə göstərdiklərinə dair təşkilatçılar tərəfindən verilən sertifikat və təşəkkürnamələri təqdim edib. RSXM əməkdaşlarının bütün sahələrdə potensialının artırılmasının əsas prioritetlərdən olduğunu deyən baş direktor əməkdaşları təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.