Rusiya Elmlər Akademiyasının prezidenti Respublika Seysmoloji Xidmət Mərkəzində olub
Azərbaycanda səfərdə olan Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyev AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində olub.
AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitunun direktoru, akademik Rasim Əliquliyev, AMEA-nın Yer Elmləri bölməsinin akademik - katibi, akademik Fəxrəddin Qədirov və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin iştirakı ilə keçirilən görüşdə bildirilib ki, hazırda respublika ərazisində mərkəzin 35 daimi peyk rabitəsi ilə işləyən seysmik stansiyalar şəbəkəsi fəaliyyət göstərir və həmin stansiyalar vasitəsi ilə alınan məlumatlar "real vaxt" rejimində Monitorinq Mərkəzinə ötürülərək emal edilir. O da vurğulanıb ki, seysmik stansiyalar vasitəsi ilə ən zəif təkanlar da qeydə alınır və bu məlumatlar aparılan elmi tədqiqatlarda istifadə edilir.
Həmçinin RSXM-nin respublika ərazisində 24 GPS stansiyası, 6 geofiziki, 5 geokimyəvi stansiyaları da fəaliyyət göstərir ki, bu da mərkəzdə kompleks seysmoloji, geofiziki, geodinamik və geokimyəvi tədqiqatlar aparılmasına imkan verir.
Görüşdə Respublika Seysmoloji Xidmət Mərkəzinin "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova Azərbaycan ərazisində aparılan kompleks seysmoloji, geofiziki, geodinamik, geokimyəvi tədqiqatlar və alınmış nəticələrin emalına dair təqdimatla çıxış edib.
Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyev mərkəzdə görülən işləri yüksək qiymətləndirərək, Azərbaycanda aparılan seysmoloji tədqiqatlar zamanı yaxşı nəticələr əldə olunduğunu qeyd edib. O, bu sahədə Rusiya və Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayaraq, bunun hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi