RSXM rəhbərliyi “Neftqazelmitədqiqatlayihə” İnstitutunda görüş keçirib
Sentyabrın 16-da Azərbaycan Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” İnstitutunda institut rəhbərliyi ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə RSXM-i baş direktor, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin rəhbərliyi ilə mərkəzin “Maqnitometriya” şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Hümbət Vəliyev, “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova və “Seysmoloji və geofiziki materialların elmi araşdırılması” şöbəsinin müdiri vəzifəsini icra edən, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yaqub Əhmədov təmsil ediblər.
Görüşdə mərkəzlə institut arasında ikitərəfli əməkdaşlıq məsələləri, eləcə də birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.
RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli mərkəzdə aparılan elmi tədqiqatlar, həyata keçirilən layihələr haqqında iştirakçılara ətraflı məlumat verib. Həmçinin baş direktor yeni layihələr haqqında da danışaraq “Neftqazelmitədqiqatlayihə” İnstitutu ilə əməkdaşlığın bu istiqamətdə tərəflər üçün səmərəli olacağını qeyd edib.
Görüşdə tərəfləri maraqlandıran suallara da aydınlıq gətirilib.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi