RSXM-nin və Milli Aerokosmik Agentliyinin rəhbərləri arasında görüş keçirilib
Oktyabrın 19-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin (MAKA) baş direktoru, texnika elmləri doktoru, professor Natiq Cavadov arasında görüş keçirilib.
Görüşdə MAKA-nın baş direktorunun birinci müavini, texnika elmləri doktoru, professor Tofiq Süleymanov, baş direktorun müavini, texnika elmləri doktoru, professor Fuad Məmmədov, MAKA-nın Aerokosmik İnformatika İnstitutunun direktoru, texnika elmləri doktoru, professor Elçin İsgəndərzadə, MAKA-nın Təbii Ehtiyatlardan İstifadə Elmi-Tədqiqat İnstitutunun direktoru, texnika elmləri doktoru, professor Fəxrəddin Ağayev, MAKA-nın Ekologiya İnstitutunun direktoru, texnika elmləri doktoru, professor Bəhram Əliyev, AMEA nəzdində RSXM - nin icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru , dosent Rauf Muradov, “Kompleks tədqiqatların elmi araşdırılması” şöbəsinin müdiri, fizika - riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Azay Rzayev, “Geodinamika” şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov, “Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev, "Zəlzələlərin tədqiqatı bürosu" nun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, büro rəisinin müavini Ruqiyyə Kərimova,“Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov və “İnformasiya” şöbəsinin müdiri Vüsalə Rafiqqızı iştirak ediblər.
AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli əvvəlcə qonaqları mərkəzdə aparılan kompleks seysmoloji, geofiziki, geodinamiki və geokimyəvi tədqiqatlar haqqında məlumatlandırıb. Hazırda mərkəzin respublika ərazisində 84 seysmik stansiyasının fəaliyyət göstərdiyini bildirən baş direktor deyib ki, bu stansiyalar vasitəsi ilə təkcə zəlzələləri deyil, vulkan püskürmələrini və yeraltı partlayışları da izləmək mümkündür.
Professor Qurban Yetirmişli həmçinin mərkəzin xarici tərəfdaşları ilə həyata keçirdiyi birgə layihələr haqqında da ətraflı məlumat verib. Milli Aerokosmik Agentlik və RSXM arasında ikitərəfli əməkdaşlıq qurulmasının və birgə tədqiqatlar aparılmasının, eləcə də beynəlxalq və yerli layihələrdə iştirak etməsi baxımından əhəmiyyətli olduğunu qeyd edən baş direktor birgə əməkdaşlığın Azərbaycan elminin inkişafı baxımından da əhəmiyyətli olduğunu qeyd edib.
Milli Aerokosmik Agentliyin baş direktoru, texnika elmləri doktoru, professor Natiq Cavadov isə bildirib ki, RSXM-nin fəaliyyətini yaxından izləyirlər. Baş direktor iki qurum arasında əlaqələrin qurulmasının zəruriliyinə toxunaraq deyib ki, bu cür əməkdaşlıq elmi tədqiqatların əhatəsinin genişlənməsi və daha səmərəli nəticələr əldə olunmasına gətirib çıxara bilər. Müzakirələrin nəticəsi olaraq tərəflər ikitərəfli Anlaşma Memorandumunun bağlanması haqqında razılığa gəliblər.
Daha sonra RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası“ şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova mərkəzdə aparılan kompleks tədqiqatlar və onun nəticələri, Böyük Britaniyanın Oksford Universiteti ilə RSXM-nin birgə apardığı tədqiqatlar, eləcə də respublika ərazisində palçıq vulkanlarının tədqiqatı sahəsində yeni başlanmış işlərə dair geniş təqdimatla çıxış edib.
MAKA-nın baş direktorunun birinci müavini texnika elmləri doktoru, professor Tofiq Süleymanov çıxış edərək, RSXM-də aparılan işləri yüksək qiymətləndirib. Həmçinin o , Milli Aerokosmik Agentlik və RSXM arasında ikitərəfli əlaqələrin qurulması ilə bağlı bir neçə istiqamətdə təkliflər irəli sürüb.
Daha sonra qarşılıqlı olaraq sual doğuran məqamlara aydınlıq gətirilib. Sonda xatirə şəkli çəkilib.