RSXM-nin təşkilatçılığı ilə keçirilən Ümumrespublika Konfransı başa çatıb
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının 80 illiyinə həsr olunmuş “Təbii fəlakətlər, ekoloji problemlər və yaşıl dünya” mövzusunda Ümumrespublika Konfransının bağlanış mərasimi olub.
AMEA-nın vitse-prezidenti, Yer Elmləri bölməsinin rəhbəri, akademik İbrahim Quliyevin sədrliyi ilə keçirilən iclasda əvvəlcə RSXM-nin “Kompleks tədqiqatların elmi araşdırılması” şöbəsinin müdiri, fizika-riyaziyyat elmlər doktoru, professor Azad Bayramov tərəfindən “Radonun torpaq-atmosfer təbəqəsində ekshalyasiyası” mövzusunda, “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova tərəfindən “GPS və seysmotomoqrafiya məlumatlarına əsasən Qafqaz regionunun müasir deformasiya prosesləri və geodinamikası” mövzusunda, “Kompleks geokimyəvi tədqiqatlar” şöbəsinin əməkdaşı Şamama Quliyeva tərəfindən “Изучение влияния глубины залегания очага готовящегося к реализации землетрясения на сейсмогеохимический режим подземных вод Азербайджана” mövzusunda məruzələr təqdim edilib. Məruzəçilərin təqdimatından sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli çıxış edib. İki gün davam edən konfransın AMEA-nın yaranmasının 80 illiyinə həsr olunduğunu bildirən baş direktor AMEA-nın böyük inkişaf yolu keçdiyini bildirib. Baş direktor hər bir xalqın və cəmiyyətin inkişafında elmin və təhsilin böyük rol oynadığını bildirərək konfransda təqdim olunan məruzələrin Yer elmləri sahəsinə töhfə verəcəyini qeyd edib. Baş direktor çıxışında müsəlman dünyasının əziz bayramlarından olan Qurban bayramı münasibəti ilə bütün Azərbaycan xalqını və konfrans iştirakçılarını təbrik edib.
Çıxışlardan sonra iştirakçıların xatirə şəkili çəkilib.
Bununla da iki gün davam edən Ümumrespublika Konfransı öz işini yekunlaşdırıb.