RSXM-nin baş direktoru Türkiyədə Azərbaycandakı seysmik vəziyyətdən danışıb
Türkiyədə 19 avqust 1999-cu il Kocaeli və 12 noyabr 1999-cu il Düzce Şərqi Mərmərə Zəlzələlərinin 20 illiyinə həsr olunmuş VI Beynəlxalq Zəlzələ Simpoziumunda iştirak edən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Simpoziumda Azərbaycan ərazisindəki seysmik vəziyyətə dair məruzə ilə çıxış edib. Baş direktor məruzəsində hazırda ölkədə olan seysmik vəziyyət, aparılan kompleks seysmoloji tədqiqatlar və alınan nəticələr haqqında danışıb.
Qeyd edək ki, tədbir çərçivəsində RSXM-nin baş direktoru ikitərəfli görüşlər də keçirib.
Kocaeli Universitetinin Mühəndislik Fakültəsinin Geofizika Mühəndisliyi bölümünün rəhbəri, professor Cengiz Kurtuluş ilə görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Müzakirələr zamanı Kocaeli Universiteti Mühəndislik Fakültəsinin Geofizika Mühəndisliyi bölümü ilə RSXM –nin seysmoloji tədqiqatlara dair birgə layihələr həyata keçirməsinin mümkünlüyü də istisna edilməyib.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi