RSXM-nin baş direktoru “Türk Deprem Araşdırma Dərgisi” nin redaksiya heyətinə üzv seçilib
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamentinin rəsmi nəşri olan “Türk Deprem Araşdırma Dərgisi”nin redaksiya heyətinə üzv seçilib. Bununla bağlı AFAD-ın Zəlzələ Departamentinin rəhbəri, professor Murat Nurlu AMEA nəzdində RSXM-nin baş direktoruna rəsmi məktub göndərib.
“Türk Deprem Araşdırma Dərgisi” ildə iki dəfə nəşr olunur. Türk dilində nəşr olunan dərgidə zəlzələlərlə bağlı aparılmış tədqiqatların nəticələrinə dair məqalələr dərc edilir.
Qeyd edək ki, ötən il AFAD - ın Zəlzələ Departamenti və RSXM arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi məqsədi ilə Razılaşma Protokolu imzalanıb. Həmin sənədə əsasən, tərəflər arasında qarşılıqlı təcrübə mübadiləsi, kadrların hazırlığı, qarşılıqlı səfərlər, seysmik stansiya məlumatlarının mübadiləsi və s. kimi məsələlər əksini tapıb.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi