RSXM Memarlıq və İnşaat Universiteti ilə Anlaşma Memorandumu imzaladı
Azərbaycanda elmi tədqiqat institutları və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi strategiyasına uyğun olaraq bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ilə Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimində çıxış edən Universitetin rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova bildirib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsi kadr hazırlığını artırmaq, tələbələrin praktiki biliklərini yüksəltmək məqsədi ilə bir çox elmi təşkilatlar, dövlət qurumları və şirkətlərlə ikitərəfli əməkdaşlıq sazişləri imzalayıb. Həm Coğrafiya İnstitutunun, həm də Respublika Seysmoloji Xidmət Mərkəzinin işinin inşaat sahəsinə yaxın olduğunu vurğulayan rektor, hər iki təşkilatla əməkdaşlığın tərəflər üçün faydalı olacağına əminliyini ifadə edib.
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov son illər Azərbaycan Memarlıq və İnşaat Universitetində elm və təhsilin vəhdəti istiqamətində aparılan işləri yüksək qiymətləndirərək, gələcəkdə praktika sahəsinin də buna əlavə edilməli olduğunu qeyd edib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli isə çıxışında bildirib ki, inşaat sahəsində görülən işlərin seysmologiya ilə birbaşa bağlılığı var. Yeni binaların tikilməsindən əvvəl həmin ərazilərin seysmikliyinin qiymətləndirilməsinin vacibliyini önə çəkən baş direktor buna nümunə kimi Bakı şəhərinin mürəkkəb relyefdə yerləşməsini və bir çox hallarda eyni ərazidə belə seysmik qiymətləndirmə aparılarkən rəqəmlərin dəyişdiyini qeyd edib.
Memarlıq və İnşaat Universiteti ilə RSXM arasında bu vaxta qədər də əməkdaşlığın olduğunu deyən Qurban Yetirmişli Anlaşma Memorandumunun ikitərəfli əlaqələrin inkişafına öz müsbət töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Daha sonra tərəflər arasında əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb. İmzalanma mərasimindən sonra AzMİU-nun İnşaat fakültəsinin dekanı Hikmət Məmmədov və kafedra müdiri İslam Mustafayev çıxış edərək hər iki təşkilatla imzalanan sənədlərin əhəmiyyətindən danışaraq, bu sənədlərin qarşılıqlı əlaqələrin inkişafı baxımından uğurlu olacağına ümidvar olduqlarını deyiblər.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi