RSXM əməkdaşlarına təlim keçirilib
22 sentyabr 2023-cü il tarixində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşlarına “Seysmologiya sahəsində maarifləndirmə” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Palçıq vulkanlarının yaratdığı fəsadlar, ətraf mühitə təsiri və insanların maarifləndirilməsi” mövzusunda təlim keçirilib.
Təlimdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova gənclərə ölkəmizdəki palçıq vulkanlarının morfoloji, izotop-kimyəvi xüsusiyyətləri, əmələgəlmə şəraitinə dair məlumat verib.
Səbinə Kazımova çıxışında palçıq vulkanlarının ətraf mühitə təsiri və onun faydalı xüsusiyyətləri ilə bağlı da danışıb. Şöbə müdiri Azərbaycanda palçıq vulkanlarının seysmik stansiyalar vasitəsilə izlənməsi məqsədi ilə dünyada ilk dəfə olaraq Abşeron yarımadasındakı palçıq vulkanları ətrafında 12 seysmik stansiyanın quraşdırıldığını diqqətə çatdırıb.
Sonda gənclərin sualları cavablandırılıb.