RSXM əməkdaşları vebinarda iştirak ediblər
Martın 27-də ABŞ-nın “Kinemetrics” şirkəti tərəfindən tərəfdaş ölkələrin seysmoloji mərkəzlərinin əməkdaşları üçün növbəti vebinar keçirilib.
Vebinarda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələlərin tədqiqatı bürosu”nun rəis müavini Ruqiyyə Kərimova və büronun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova iştirak ediblər.
Vebinarda “Kinemetrics” şirkətinin vitse-prezidenti, professor Matias Franke “Keçmiş İnnovasiyalar Gələcək Texnologiyaları necə idarə edir?” mövzusunda məruzə ilə çıxış edib. Həmçinin professorlar Andre Alegre, Marlon Aguero və Khalid Saifullah “Böyük bəndlərin performansının qiymətləndirilməsi və struktur sağlamlığının monitorinqi” mövzusunda məruzə təqdim ediblər.
Vebinarda qeyd olunub ki, davamlı vibrasiya monitorinqi sistemi böyük bəndlərin performansının qiymətləndirilməsi və strukturun möhkəmliyinin monitorinqi üçün mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, informativ xarakterli müzakirələrdə nəzərə çatdırılıb ki, "Kinemetrics" şirkətinin misilsiz cihaz texnologiyası və proqram təminatının OSS komandasının onilliklər boyu tətbiqi təcrübəsi ilə birləşməsi sənayedə qabaqcıl nəticələr verir.
Xatırladaq ki, ABŞ-nın “Kinemetrics” şirkəti tərəfindən yeni texnologiyaların və proqramların tətbiqinə dair məlumatlandırma xarakterli vebinarlar hər ay keçirilir və RSXM-nin əməkdaşları bu müzakirələrdə mütəmadi olaraq iştirak edirlər.