RSXM əməkdaşları vebinarda iştirak ediblər
Müasir seysmoloji tədqiqatlar və seysmik məlumatların toplanmasında istifadə olunan yeni tətbiqlərlə bağlı tərəfdaş ölkələrdən olan seysmoloq alim və mütəxəssislərin iştirakı ilə davamlı olaraq vebinarlar keçirən ABŞ-ın “Kinemetrics” şirkəti oktyabrın 30-da daha bir vebinar təşkil edib.
Tərəfdaş ölkələrdən olan seysmoloqların iştirak etdiyi vebinar “Aspen Platforması ilə Zəlzələnin Erkən Xəbərdarlığı” mövzusunda keçirilib. Vebinarda Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova və büronun rəis müavini Ruqiyyə Kərimova iştirak ediblər.
Vebinarda əsas məruzəçi kimi professor Mathias Franke (ABŞ) çıxış edib. O, öz təqdimatında zəlzələnin erkən xəbərdarlığı konsepsiyaları və texnologiyaları, eləcə də Aspen Platformasının hökumətlərin, regional hakimiyyət orqanlarının və təşkilatların ehtiyaclarını necə qarşıladığı haqqında məruzə edib.
Qeyd edək ki, Aspen Platforması dünyanın ən kritik seysmik şəbəkələrinin təqdim etdiyi unikal çağırışlara cavab vermək üçün nəzərdə tutulmuş seysmik və ətraf mühitin monitorinq platformasıdır. Bu baxımdan da zəlzələlərin erkən xəbərdarlığını təmin etmək üçün əlavə imkanın yaranması Aspen Platformasının dəyərini artırır. Hazırda dünya ölkələrindən olan seysmoloqlar və mütəxəssislər bu platformanın məlumat toplanması üçün yaradacağı əlavə imkanlar və tətbiqi ilə bağlı müzakirələr aparırlar.