RSXM-də Yer Elmləri seksiyasının iclası keçirilib
Fevralın 1-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Yer Elmləri seksiyasının 2023-cü ildə aparılmış elmi-tədqiqat işlərinin aralıq və yekun hesabatlarının müzakirəsi keçirilib.
İclasda RSXM-nin icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov və mərkəzin müvafiq şöbələrinin rəhbərləri iştirak ediblər. RSXM-nin icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov bildirib ki, iclasın keçirilməsində məqsəd 2023-cü ildə aparılmış kompleks-seysmoloji, geofiziki, geodinamik tədqiqatların yekun hesabatlarını müzakirə etməkdir.
İclasda RSXM-nin "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova RSXM-nin icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, “Zəlzələlərin tədqiqatı büro”sunun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, "Geodinamika" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov və “Kompleks geokimyəvi tədqiqatlar” şöbəsinin böyük elmi işçisi Aybəniz Kərəmova ilə birgə hazırladıqları “Azərbaycan ərazisinin, o cümlədən işğaldan azad edilmiş ərazilərin seysmikliyinin və seysmotektonikasının tədqiqi (2021-2025) (rəhbər: AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli)” mövzusunu təqdim edib.
Daha sonra dosent Səbinə Kazımova “Paleoseysmoloji məlumatlara əsasən Böyük Qafqazda tarixi zəlzələlərin episentral zonalarının müəyyən edilməsi (2023-2024)”, “Flüidohidrogeokimyəvi sahələrdə anomaliyaların müasir geodinamikada rolu (2023-2024)”, dosent İlyas Kazımov “GPS məlumatlarına əsasən Türkiyə, Şimalı İran və Qafqaz regionunun (o cümlədən Qarabağ ərazisinin) müasir geodinamikası (2021-2023)”, "Makroseysmik tədqiqatlar" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev “Abşeron yarımadası ərazisində seysmik təhlükəni şərtləndirən amillərin tədqiqi (2021-2024)”, "Maqnitometriya" şöbəsinin müdiri vəzifəsini icra edən Nadirşah Xanbabayev “Azərbaycan ərazisinin kompleks geofiziki tədqiqatları (2021-2025)” mövzusunda məruzələr təqdim ediblər.
İclas təqdim olunan məruzələr ətrafında müzakirələrdən sonra başa çatıb.