RSXM-də Yer Elmləri seksiyasının iclası keçirilib
Oktyabrın 10-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Yer Elmləri seksiyasının 2023-cü ildə aparılmış elmi, elmi-istehsalat işlərinin şöbələr üzrə 9 aylıq hesabat iclası keçirilib.
İclasda RSXM-nin icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, “Seysmologiya” şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli və mərkəzin müvafiq şöbələrinin rəhbərləri iştirak ediblər. “Seysmologiya” şöbəsinin müdiri Tahir Məmmədli bildirib ki, iclasın keçirilməsində məqsəd bu ilin 9 ayında mərkəzdə aparılan kompleks-seysmoloji, geofiziki, geodinamik tədqiqatların nəticələrini müzakirə etməkdir.
Daha sonra RSXM-nin “Zəlzələlərin tədqiqatı” bürosunun böyük elmi işçisi, Yer Elmləri üzrə fəlsəfə doktoru Şirin İslamova “Azərbaycan və ətraf bölgələrin seysmikliyinin xüsusiyyətləri”, "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova “Zəlzələ ocaqlarının tədqiqi, palçıq vulkanlarının monitorinqi və Beynəlxalq Seysmotomoqrafiya laboratoriyasının fəaliyyəti haqqında”, "Geodinamika" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov “Azərbaycan ərazisinin GPS məlumatları əsasında geodinamikası”, "Makroseysmik tədqiqatlar" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev “Makroseysmik tədqiqatlar”, "Mühəndis seysmologiyası və seysmik mikrorayonlaşdırma" şöbəsinin müdiri vəzifəsini icra edən Lalə Fəttahova “Mühəndisi-seysmoloji tədqiqatlar”, "Maqnitometriya" şöbəsinin müdiri vəzifəsini icra edən Nadirşah Xanbabayev “Maqnitometrik tədqiqatlar”, "Qravimetriya" şöbəsinin müdiri Elçin Bağırov “Qravimetrik tədqiqatlar”, "Kompleks geokimyəvi tədqiqatlar" şöbəsinin elmi işçisi Aybəniz Kərəmova “Kompleks geokimyəvi tədqiqatlar” mövzusunda məruzələr təqdim ediblər.
İclas təqdim olunan məruzələr ətrafında müzakirələrdən sonra başa çatıb.