Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM - də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

8 May 2024
RSXM - də Ulu Öndər  Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Mayın 8-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğurunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə  AMEA nəzdində RSXM-nin Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib.  Ötən əsrin 60-70-ci illərində Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin postsovet respublikaları arasında öz inkişafına görə ön sıralarda olduğunu qeyd edən şöbə müdiri Heydər Əliyevin keçmiş SSRİ-nin dövlət rəhbərliyində yüksək vəzifə tutan yeganə azərbaycanlı olduğunu deyib. Vüsalə Rafiqqızı çıxışında həmçinin, ötən əsrin 90-cı illərin əvvəllərində ölkəmizdə yaranmış siyasi xaos və Azərbaycan dövlətçiliyinə yaranmış təhdidlər, torpaqlarımızın işğalı haqqında da ətraflı danışıb.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra Azərbaycanda siyasi böhranın aradan qaldırıldığını  və ölkəmizin iqtisadi inkişaf yolu tutduğunu qeyd edən şöbə müdiri çıxışında Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasını təmin edən “Əsrin müqaviləsi”nin imzalanmasının tarixi əhəmiyyətinə də toxunub.

Vüsalə Rafiqqızı Azərbaycanda seysmologiya elminin inkişafında, eləcə də ölkəmizdə ən müasir seysmik stansiyalar şəbəkəsinin quraşdırılmasında Ulu Öndər Heydər Əliyevin rolu haqqında da danışıb. Azərbaycanda seysmologiya elminin inkişafında Ulu Öndər Heydər Əliyevin böyük əməyinin olduğunu qeyd edən şöbə müdirinin sözlərinə görə, baxmayaraq ki, həmin dövrdə Azərbaycanın maliyyə imkanları elə də böyük deyildi, 2000-ci il 25 noyabr Bakı zəlzələsindən sonra Ulu Öndərin göstərişi əsasında ölkəmizə ən müasir seysmik cihazlar və stansiyalar alındı. Yeni stansiyaların alınmasından sonra Azərbaycanda yeni seysmik stansiyalar şəbəkəsi yaradıldı və bu gün ölkəmiz aparılan seysmoloji tədqiqatların səviyyəsinə görə dünya ölkələri arasında ön sıralardadır. Vüsalə Rafiqqızı bu gün də Azərbaycanda seysmologiya sahəsinin inkişafının dövlət rəhbərliyinin diqqətində olduğunu deyib.

Heydər Əliyevlə bağlı xatirələrini danışan şöbə müdiri mətbuatda çalışdığı dövrlərdə Ulu Öndəri müşayiət edən jurnalistlər qrupunda çalışdığını qeyd edərək  “Xoşbəxt insanlardanam ki, Ulu Öndəri tanımışam, onunla yaxından ünsiyyətdə olmuşam. Biz jurnalistlər onunla çoxsaylı səfərlərdə olmuşuq. Ulu Öndərin həm beynəlxalq tribunalardakı çıxışlarının, həm də keçmiş məcburi köçkün və qaçqın şəhərciklərinə səfərləri zamanı insanlarımızla görüşlərinin canlı şahidi olmuşuq. Heydər Əliyev böyük şəxsiyyət, görkəmli siyasi lider olmaqla yanaşı, ürəyi hər zaman xalqı ilə bir döyünən Dahi bir insan idi”-deyib. 

Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun bütün sahələrdə Möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən Vüsalə Rafiqqızı Ulu Öndərin ən böyük arzularından birinin Qarabağı azad görmək olduğunu deyib. “Ulu Öndərimiz bütün çıxışlarında, görüşlərində, məcburi köçkünlərlə bir araya gələndə, xarici səfərlərində hər zaman böyük inam və əminliklə Qarabağın azad olacağını deyirdi. Bu gün Qarabağ tam azaddır. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Qarabağın hər yerində - şəhərlərimizdə də, kəndlərimizdə də bayrağımız vüqarla dalğalanır. Cənab Prezidentimiz İlham Əliyevin Şuşanın azad olunması ilə bağlı xalqa müraciətində qeyd etdiyi kimi, Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanın siyasi iradəsi və qətiyyəti sayəsində Ulu Öndərin Ata vəsiyyəti həyata keçirildi. Şanlı ordumuzun əsgər və zabitlərinin, hər qarış torpaq üçün canından keçən şəhidlərimizin və qazilərimizin sayəsində 30 illik torpaq nisgilimizə son qoyuldu.

Bu gün may ayının səkkizidir. Bir zamanlar Azərbaycan xalqı olaraq, biz təqvimdəki bu tarixi böyük kədərlə qeyd edirdik. Bu gün isə tarixi bir gündür. Bu gündən Şuşaya əhalinin köçürülməsinə başlayır. Belə bir gözəl gündə həm də bütün həyatını Azərbaycana həsr edən Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd olunur. Əminəm ki, bu gün Ulu Öndərimizin də, şəhidlərimizin də ruhu şaddır. Ulu Öndər Heydər Əliyevin xatirəsini hər zaman dərin ehtiramla yad edirik".

Daha sonra RSXM-nin Elektron Xidmətlər şöbəsi tərəfindən hazırlanmış Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.    

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə