Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-də tikinti sahələrinin seysmikliyi ilə bağlı müzakirələr keçirilib

22 May 2019
RSXM-də tikinti sahələrinin seysmikliyi ilə bağlı müzakirələr keçirilib

“Lawrence Livermore” Milli Laboratoriyasının, ABŞ Seysmik Əməkdaşlıq proqramının proqram meneceri Rengin Gök və Kanadanın Geologiya Xidmətinin professoru Tuna Onur Bakıya səfərə gəlib. Səfərin məqsədi “Mərkəzi Asiya və Qafqaz ölkələrində seysmik şəbəkələrin inkişafı” layihəsi çərçivəsində görülən işlərə dair müzakirələrin aparılması, eləcə də mərkəz əməkdaşlarına beynəlxalq standartlara uyğun emal proqramları ilə bağlı təlimin keçirilməsidir.

Xarici qonaqlar AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində  mərkəzin baş direktoru, AMEA - nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə görüşüblər. Görüşdə RSXM-nin "Seysmologiya" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə elmlər doktoru Tahir Məmmədli, "Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma" şöbəsinin müdiri Zəhra Əiyeva, "Makroseysmik tədqiqatlar" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev, "Beynəlxalq əlaqələr" şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər.

Müzakirələr zamanı tərəflər arasında əməkdaşlığın hazırki vəziyyəti, “Mərkəzi Asiya və Qafqaz ölkələrində seysmik şəbəkələrin inkişafı” layihəsi çərçivəsində Azərbaycanda görülən işlər, eləcə də tikinti sahələrində seysmikliklə bağlı yeni tikinti normativlərinin tətbiqinə dair məsələlərə toxunulub. Xarici mütəxəssislər Azərbaycanda, xüsusi ilə də Bakı şəhəri və Azərbaycanın digər böyük şəhərlərində tikinti aparılan sahələrdə seysmikliyin öyrənilməsi ilə bağlı yeni tikinti normativlərinin tətbiq olunmasına dair təkliflə çıxış edərək, artıq əksər ölkələrin bu normativləri tətbiq etdiklərini bildiriblər. Həmçinin, ikitərəfli əməkdaşlığa uyğun olaraq, RSXM əməkdaşlarının Amerikada təlimə göndərilməsi barədə də razılıq əldə edilib. Qeyd edək ki, xarici qonaqlar tikinti sahələrində seysmiklikliyin öyrənilməsi məqsədi ilə yeni tikinti normativlərinin tətbiqi ilə bağlı Bakıda bir sıra rəsmi görüşlər keçirəcəklər.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

 
AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə