RSXM-də Ramazan və Novruz bayramlarına həsr olunmuş tədbir keçirilib
Martın 19-da Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Ramazan Bayramı və yurdumuza baharın gəlişinin ilk müjdəçisi olan Novruz Bayramı münasibəti ilə tədbir keçirilib. RSXM-nin Həmkarlar Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli çıxış edərək hər iki bayram münasibəti ilə mərkəz əməkdaşlarını təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Novruz bayramının Azərbaycan xalqının ən gözəl bayramlarından biri olduğunu qeyd edən baş direktor bu bayramın həm də milli-mənəvi dəyərlərimizi özündə birləşdirdiyini qeyd edib. Bu il Novruz bayramı ilə müsəlman dünyasının ən gözəl bayramlarından olan müqəddəs Ramazan bayramının eyni vaxta təsadüf etdiyini bildirən professor Qurban Yetirmişli Ramazan bayramının mənəvi dəyərlərindən danışıb. Baş direktor çıxışında artıq Novruz bayramının Azərbaycanın bütün kəndlərində, şəhərlərində qeyd olunduğunu qeyd edərək “Artıq altı ildir ki, Qarabağımızda Novruz tonqalları yandırılır. Torpaqlarımız azaddır, insanlar öz doğma yurd-yuvalarına qayıdırlar. Bu Qələbəyə, Bu Zəfərə görə biz Cənab Ali Baş Komandana, ordumuza, əsgər və zabitlərimizə, şəhidlərimizə və qazilərimizə minnətdarıq. Novruz yeni gün, yeni başlanğıc deməkdir. Arzu edirəm ki, bu bayram xalqımıza ancaq xoş yeniliklər və gözəl günlər gətirsin”.
Tədbirdə RSXM-nin baş direktorunun ümumi işlər üzrə müavini Ramiz İskəndərov, RSXM-nin Həmkarlar Təşkilatının sədri, “Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev, “Seysmologiya” şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli və mərkəzin əməkdaşı Bəxtiyar Xanputov şıxış edərək Novruz bayramının ənənələrindən danışıblar.
Sonda mərkəz əməkdaşlarına bayram sovqatı təqdim edilib.