Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-də Elmi-Texniki Şuranın iclası keçirilib

15 Fevral 2024
RSXM-də Elmi-Texniki Şuranın iclası keçirilib

Fevralın 15-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Elmi-Texniki Şuranın (ETŞ) iclası keçirilib. İclasda AMEA-nın Yer Elmləri bölməsinin üzvləri, Elmi-Texniki Şuranın üzvləri, RSXM-nin rəhbərliyi, müvafiq şöbələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.

Elmi-Texniki Şuranın iclasında çıxış edən AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli əvvəlcə gündəliyə daxil olan məsələlər haqqında məlumat verib.

Baş direktor bu ilin may ayında (13-15 may 2024-cü il) AMEA-nın müxbir üzvü, professor Arif Həsənovun anadan olmasının 85 illiyinə həsr olunmuş “Ehtimal olunan seysmik təhlükənin qiymətləndirilməsi” mövzusunda beynəlxalq konfransın keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Bununla yanaşı, baş direktor işğaldan azad olunmuş ərazilərimizdə quraşdırılacaq seysmik stansiyalar və aparılacaq kompleks tədqiqatlar haqqında da danışıb. Daha sonra mərkəzin müvafiq elmi şöbələri tərəfindən 2023-cü ildə aparılmış elmi-tədqiqat işlərinin (aralıq və yekun) hesabatları təqdim olunub.

"GPS məlumatlarına əsasən Türkiyə, Şimalı İran və Qafqaz regionunun  (o cümlədən Qarabağ ərazisinin) müasir geodinamikası" (2021-2023-cü illər-Məruzəçilər: "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin müdiri,  geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova və "Geodinamika" şöbəsinin müdiri, geologiya mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov). "Azərbaycan ərazisinin, o cümlədən işğaldan azad edilmiş ərazilərin seysmikliyinin və seysmotektonikasının tədqiqi (2021-2025-ci illər)" və "Paleoseysmoloji məlumatlara əsasən Böyük Qafqazda tarixi zəlzələlərin episentral zonalarının müəyyən edilməsi" (2023-2024-cü illər-Məruzəçi: "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova), "Azərbaycan ərazisinin kompleks geofiziki tədqiqatları" (2021-2025-ci illər-Məruzəçi: Maqnitometriya şöbəsinin müdiri vəzifəsini icra edən Nadirşah Xanbabayev), "Abşeron yarımadası ərazisində seysmik təhlükəni şərtləndirən amillərin tədqiqi" (2021-2024-cü illər-Məruzəçi: Makroseysmik tədqiqatlar şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev), "Flüidohidrogeokimyəvi sahələrdə anomaliyaların müasir geodinamikada rolu" (2023-2024-cü illər-Məruzəçilər: "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova və "Kompleks geokimyəvi tədqiqatlar" şöbəsinin  böyük elmi işçisi Aybəniz Kərəmova) mövzularında hesabatlar təqdim olunub.

Təqdimatdan sonra məruzələr ətrafında müzakirələr aparılıb və məruzələr Elmi-Texniki Şura üzvləri tərəfindən qəbul olunub.

İclasda həmçinin AMEA-nın Rəyasət Heyətinin 09.01.2024-cü il tarixli 1/4 nömrəli qərarının icrası, eləcə də AMEA nəzdində RSXM-də çalışan bakalavr, magistr, doktorant, dissertant və mühəndislərə 2024-cü ildə keçirilməsi nəzərdə tutulan ixtisas və xarici dil kursları üzrə tədris proqramının təsdiq edilməsi haqqında məsələyə də baxılıb.

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə