RSXM-də Elmi-Texniki Şuranın iclası keçirilib
Fevralın 24-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Elmi-Texniki Şuranın iclası keçirilib. AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli gündəlikdə duran məsələlərlə bağlı iştirakçıları məlumatlandırıb. Hazırda mərkəzdə aparılan tədqiqatlar və qarşıda duran vəzifələr haqqında danışan baş direktor çıxışı zamanı mərkəzdə kadr hazırlığının yüksəldilməsi istiqamətində görülən işlər haqqında da məlumat verib.
Daha sonra “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Seysmologiya və mühəndisi seysmologiya” üzrə VII Beynəlxalq konfransa hazırlıq işləri, “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova 6 fevral 2023-cü il tarixində Türkiyədə baş verən dəhşətli zəlzələ və Azərbaycandakı seysmik vəziyyət, beynəlxalq qrant layihəsi çərçivəsində yeni quraşdırılmış 22 rəqəmsal stansiyaların fəaliyyəti və gələcək planlar haqqında, “Tədris” şöbəsinin müdiri Gülnarə Alxanova RSXM əməkdaşları üçün tədris olunan ixtisas fənnləri və xarici dil kursları üzrə tədris proqramları, RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Afaq Səmədzadə mərkəzdə çalışan magistrantların iş planı haqqında məruzə ilə çıxış ediblər. İclasda Elmi-Texniki Şuranın üzvlərinin siyahısına qismən dəyişiklik edilməsi məsələsinə də baxılıb. RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri A.Səmədzadə Elmi-Texniki Şuranın üzvü seçilib.