RSXM - də “Elm günü”nə həsr olunmuş konfrans - sərgi keçiriləcək
Martın 29-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən “Elm günü” çərçivəsində Şamaxı zəlzələsinin 120 illiyinə həsr olunmuş konfrans - sərgi keçiriləcək.
“Zoom” platforması üzərindən həyata keçiriləcək konfrans - sərgidə Azərbaycanda son 120 ildə seysmik müşahidələrin aparılmasında istifadə olunmuş cihaz və avadanlıqlara dair təqdimat nümayiş etdiriləcək.
Konfransda 1902-ci il Şamaxı zəlzələsi, Azərbaycandakı seysmik vəziyyətin hazırki səviyyəsi, beynəlxalq qrant layihəsi çərçivəsində ölkəmizə gətirilən yeni seysmik stansiyaların quraşdırılması və fəaliyyətinə dair məruzələr təqdim olunacaq.
Ali məktəb tələbələri, Yer elmləri sahəsi ilə məşğul olan alim və mütəxəssislər, eləcə də media nümayəndələri konfransda iştirak edə bilərlər.
Konfransda iştirak etmək istəyənlər [email protected] elektron ünvanına müraciət edib qeydiyyatdan keçə bilərlər.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən hər il martın 27-i Azərbaycanda “Elm günü” kimi qeyd edilir.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi