RSXM-də 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib
Sentyabrın 26-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra tədbir iştirakçıları tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən AMEA nəzdində RSXM-nin baş direktorunun Ümumi işlər üzrə müavini Ramiz İskəndərov bildirib ki, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlamasından beş il ötür. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgərlərimizin və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib. Hər günü bir qəhrəmanlıq dastanı olan, Azərbaycan tarixinə parlaq səhifə kimi yazılan 44 günlük Vətən müharibəsi ölkəmizin hərbi gücünün, Ordumuzun haqq işi uğrunda ədalətli savaşının nümayişinə çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı günün – sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsi qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı naminə canından keçmiş bütün Vətən övladlarının xatirəsi bu gün hörmət və ehtiramla yad edilir. Xalqımız Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadır və yaşadacaq. Onların Vətən sevgisi hər birimiz üçün örnək olaraq qalacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Tədbir RSXM-nin Elektron xidmətlər şöbəsi tərəfindən hazırlanmış Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş “Qayıdan torpaqların qayıtmayan oğulları...” adlı videoçarxın nümayiş etdirilməsi ilə başa çatıb.