RSXM-də 2021-ci ildə görülən işlər müzakirə olunub
Dekabrın 6-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elmi-Texniki Şurasının (ETŞ) iclası keçirilib. İclasda mərkəzdə 2021-ci ildə aparılmış elmi-istehsalat işlərinin nəticələrinə dair müvafiq şöbələr üzrə illik hesabatlar təqdim edilib. AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, 2021-ci ildə təşkilat tərəfindən kompleks seysmoloji-geofiziki tədqiqatlar davam etdirilib. Həmçinin 2021-ci ildə beynəlxalq qrant layihəsi çərçivəsində alınmış 22 seysmik stansiya respublika ərazisinə gətirilib. Onlardan 3-ü artıq quraşdırılıb. Hazırda digər seysmik stansiyaların quraşdırılması işləri davam etdirilir.
Xarici ölkə və seysmoloji təşkilatlarla əməkdaşlıq məsələlərinə toxunan baş direktor Böyük Britaniyanın Oksford Universiteti tərəfindən RSXM-lə əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsinə təşəbbüslərin olduğunu, Oksford Universitetinin əməkdaşlarının bununla bağlı ölkəmizə səfər etdiklərini və birgə əməkdaşlıq məsələlərin müzakirə olunduğunu deyib.
Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) və Agentliyin Zəlzələ Departamenti ilə RSXM arasında əməkdaşlıq məsələləri haqqında danışan baş direktor qardaş ölkə tərəfindən Qarabağda seysmik stansiyaların quraşdırılmasına dəstək verilməsi, eləcə də mərkəz əməkdaşlarının Türkiyədə təcrübə keçməsi, seysmik stansiyaların məlumatlarının ötürülməsi və s. məsələlərə dair də razılaşmalar əldə olunduğunu deyib.
Qarabağda seysmik stansiyalar quraşdırılması məsələsinə gəlincə, bildirilib ki, mərkəz tərəfindən 2025-ci ilə qədər 10 seysmik stansiyanın Qarabağda quraşdırılması nəzərdə tutulub və müvafiq şərait yaranan kimi bu işlərə başlanılacaq.
Daha sonra mərkəzin seysmoloji, geofiziki, geokimyəvi istiqamətlərdə tədqiqat aparan şöbələri, eləcə də digər inzibati şöbələr üzrə görülmüş işlərə dair hesabatlar təqdim olunub.
İclasda mərkəzin inzibati şöbələrinin il ərzində gördüyü işlərə dair məruzələr də dinlənilib.
ETŞ üzvlərinin maraq doğuran sualları müvafiq şöbə rəhbərləri tərəfindən cavablandırılıb.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi