RSXM-də 1 mart - Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib
1 mart-Ümumdünya Mülki Müdafiə Günü münasibəti ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində tədbir keçirilib. “Zoom” platforması üzərindən keçirilən tədbirdə mərkəzin respublikanın ayrı-ayrı rayonlarında yerləşən seysmik stansiyalarının əməkdaşları da iştirak ediblər.
Mülki Müdafiə tədbirlərinin keçirilməsinin hər bir ölkə, hər bir qurum üçün vacib olduğunu qeyd edən AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli çıxışı zamanı bu ilin fevral ayının 6-da qardaş Türkiyə Respublikasında baş verən dağıdıcı zəlzələ haqqında da danışıb. Heç bir ölkənin təbii fəlakətlərdən sığortalanmadığını bildirən RSXM-nin baş direktoru son illər ölkəmizdə Mülki Müdafiə sahəsində tədbirlərin gücləndirilməsinin böyük əhəmiyyəti olduğunu deyib.
Daha sonra RSXM-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, mərkəzin Mülki Müdafiə qərargahının hərbiləşdirilməmiş dəstə komandiri Telman Cəfərov Mülki Müdafiə Gününün yaranma tarixi, Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlər haqqında danışıb.
Tədbir Mülki Müdafiə təlimlərinə həsr olunmuş videoçarxın nümayiş etdirilməsi ilə başa çatıb.