Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Qazaxıstanlı magistr tələbələr RSXM-də istehsalat təcrübəsi keçirlər

24 Aprel 2026
Qazaxıstanlı magistr tələbələr RSXM-də istehsalat təcrübəsi keçirlər

Qazaxıstan Respublikasının K.İ. Satpayev adına Qazaxıstan Milli Tədqiqat Texniki Universitetinin “Seysmologiya” ixtisası üzrə magistr təhsili alan tələbələri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) istehsalat təcrübəsi keçirlər. Qazaxıstanlı tələbələr təcrübəyə aprelin 15-dən başlayıblar və təcrübə prosesi aprelin 30-na qədər davam edəcək.

Təcrübəçi tələbələr - Jadır Junusov, Anar Abilaxanov və Anuarbek Jetpisbay RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin qəbulunda olublar.

Görüşdə RSXM-in baş direktorunun elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, “Seysmologiya” şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Tahir Məmmədli, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov, “Qravimetriya” şöbəsinin müdiri Elçin Bağırov və “Maqnitometriya” şöbəsinin müdiri vəzifəsini icra edən Nadirşah Xanbabayev iştirak ediblər.

RSXM-nin beynəlxalq əməkdaşlıq fəaliyyəti haqqında danışan professor Qurban Yetirmişli mərkəzin Oksford Universiteti, Missuri Universiteti və digər nüfuzlu elmi qurumlarla sıx əməkdaşlıq etdiyini bildirib. O, həmçinin Azərbaycanda və RSXM-də aparılan kompleks geofiziki, seysmoloji və geokimyəvi tədqiqatlar, seysmik stansiyalar şəbəkəsinin fəaliyyəti və yeni stansiyaların yaradılması barədə ətraflı məlumat verib.

Tərtib olunmuş təcrübə planına uyğun olaraq tələbələr “Zəlzələlərin tədqiqatı bürosu”, “Zəlzələ ocaqlarının dinamikası”, “Qravimetriya”, “Maqnitometriya” və “Episentral” şöbələrində seysmik stansiyaların iş prinsipi, istifadə olunan cihazlar, eləcə də seysmik məlumatların emalı və analizi üçün tətbiq olunan proqramlarla tanış olurlar.

Təcrübə müddətində “Qravimetriya” şöbəsinin müdiri Elçin Bağırov tələbələrə qravimetrik tədqiqatlar, bu sahədə istifadə olunan cihaz və avadanlıqlar barədə məlumat təqdim edib.

Təcrübə çərçivəsində tələbələr Episentral şöbənin müdiri vəzifəsini icra edən Zahid Qədirovun müşayiəti ilə Qobustanda yerləşən “Qoturdağ” palçıq vulkanı ərazisinə səfər ediblər. Səfər zamanı tələbələrə palçıq vulkanlarının yaranma səbəbləri, növləri və yeraltı geoloji proseslər barədə ətraflı məlumat verilib.

Daha sonra tələbələr RSXM-nin “Nardaran” seysmik stansiyasında da olublar. Stansiyanın müdiri Sahib Əlipənahov onlara seysmik cihazların iş prinsipi, stansiyaların quraşdırılması, məlumatların toplanması və emalı prosesləri barədə geniş məlumat verib.

Görüşlər zamanı tələbələri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə