“Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” layihəsi üzrə növbəti müzakirələr keçirilib
Mayın 20-də Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində Azərbaycanda quraşdırılacaq seysmik stansiyalarla bağlı növbəti müzakirələr keçirilib.
Amerika və Ukraynadan olan tərəfdaş qurumların nümayəndələrin iştirakı ilə keçirilən müzakirələrdə Azərbaycan tərəfdən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktorunun elmi işlər üzrə müavini, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov və “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər.
Məlumat üçün qeyd edək ki, Ukrayna Elm və Texnologiya Mərkəzinin qrant layihəsi hesabına Azərbaycanda daha 22 yeni seysmik stansiya quraşdırılacaq. Həmin stansiyalardan 12-i Abşeron yarımadasındakı palçıq vulkanlarının ətrafında, 10 seysmik stansiya isə respublikanın ayrı-ayrı bölgələrində quraşdırılacaq. Bununla da Azərbaycanda seysmik stansiyalar şəbəkəsi genişlənəcək və stansiyaların sayı 84-ə çatacaq.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi