Özbəkistanda keçirilən beynəlxalq konfransda RSXM əməkdaşları sertifikatla təltif olunublar
11-15 sentyabr 2023-cü il tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində Federal Tədqiqat Mərkəzi, Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidməti, Özbəkistan Respublikası Elmlər Akademiyasının Seysmologiya İnstitutu, Özbəkistan Elmlər Akademiyası, MDB üzv dövlətlərinin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu, Özbəkistan Respublikası Fövqəladə Hallar Nazirliyinin Respublika Seysmik Proqnozlaşdırma Monitorinqi Mərkəzinin birgə təşkilatçılığı ilə “Seysmoloji məlumatların müasir üsullarla emalı və təfsiri” mövzusunda XVII Beynəlxalq Seysmoloji Konfrans keçirilib.
Konfransda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları iştirak ediblər. RSXM-nin “Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, geologiya-minerologiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev “Azərbaycanda tikinti sahələrində seysmik effektin dəqiqləşdirilməsi təcrübəsi”, “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin kiçik elmi işçisi İlhamə Cəlilova “Bakı şəhəri ərazisinin seysmik təhlükə səviyyəsinin dəqiqləşdirilməsi məqsədi ilə mühəndisi-geoloji şəraitinin tədqiqi”, “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin kiçik elmi işçisi Firuzə Mehdizadə “Bakı şəhərinin seysmik aktiv rayonlarında hidrogeoloji və geomorfoloji faktorlarının seysmik təhlükəyə təsiri” mövzusunda məruzə ilə çıxış ediblər.
Tədbirin sonunda RSXM əməkdaşları təşkilatçılar tərəfindən sertifikatla təltif olunublar.
Sentyabrın 18-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli sertifikatları konfransda iştirak edən RSXM əməkdaşlarına təqdim edərək onları təbrik edib və gələcək işlərində uğurlar arzulayıb.