Oxford Universiteti zəlzələlərin tədqiqatı sahəsində Azərbaycanla əməkdaşlıq etmək istəyir

Martın 10-da Böyük Britaniyanın Oxford Universiteti, AMEA Yer Elmləri Bölməsi və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Cənubi Xəzərin aktiv tektonikası və zəlzələlərlə bağlı birgə tədqiqatların aparılması” mövzusunda iclas keçirilib. “Zoom” platforması üzərindən onlayn həyata keçirilən müzakirələrdə Oxford Universitetinin professorları Richard Walker, Mike Daly və onların rəhbərlik etdikləri tədqiqat qrupunun mütəxəssisləri iştirak ediblər.
Azərbaycan tərəfindən müzakirələrdə AMEA-nın vitse - prezidenti, Yer Elmləri bölməsinin rəhbəri, akademik İbrahim Quliyev, AMEA Neft və Qaz İnstitutunun direktoru vəzifəsini icra edən, akademik Fəxrəddin Qədirov, AMEA nəzdində RSXM - nin baş direktoru, professor Qurban Yetirmişli, AMEA-nın “Xarici əlaqələr” idarəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva və Yer Elmləri bölməsinin digər üzvləri iştirak ediblər.
İclasa moderatorluğu hər iki tərəfin təmsilçisi - Oxford Universitetinin və Azərbaycan Milli Emlər Akademiyası əməkdaşı, professor Rəşid Cavanşir edib. İclasda BP şirkətinin nümayəndələri də iştirak ediblər.
İlk olaraq çıxış edən AMEA-nın vitse-prezidenti, Yer Elmləri bölməsinin rəhbəri, akademik İbrahim Quliyev bildirib ki, AMEA ilə Oxford Universiteti arasında zəlzələlərin tədqiqatı sahəsində əməkdaşlığa dair müzakirələr pandemiya səbəbindən bir qədər gecikib. Bu baxımdan da o, keçirilən müzakirələrin tərəflər üçün vacib olduğunu qeyd edib. Zəlzələlərin öyrənilməsi sahəsində Kolumbiya, Missuri və Miçiqan Universitetləri ilə əməkdaşlıq edildiyini bildirən akademik İbrahim Quliyev Oxford Universiteti ilə də səmərəli əməkdaşlıq üçün geniş imkanların olduğunu deyib. AMEA-nın vitse-prezidenti ötən il AMEA və Oxford Universiteti arasında Anlaşma Memorandumu imzalandığını qeyd edib.
Oxford Univestetinin professorları - Phillp England, Mike Kendlli, James Jackson, Richard Walker və digərləri çıxış edərək zəlzələlərin tədqiqatı sahəsindəki tədqiqat metodlarından və əldə olunmuş nəticələrdən danışıblar. Bp şirkətinin nümayəndəsi Grey Riby isə çıxışında tərəflər arasındakı əməkdaşlığın vacibliyini vurğulayıb. Xəzər dənizi hövzəsində aparılan seysmoloji və geofiziki tədqiqatların əhəmiyyətinə toxunan BP nümayəndəsi deyib ki, bu əməkdaşlıq sayəsində Xəzər dənizində baş verən zəlzələlərin daha ətraflı öyrənilməsinə də imkan verəcək.
AMEA nəzdində RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən aparılan tədqiqat işləri, eləcə də Beynəlxalq Livermor Laboratoriyası ilə aparılan əməkdaşlıq haqqında təqdimatla çıxış edib. O, öz çıxışında RSXM-də zəlzələlərin öyrənilməsi sahəsndə tətbiq edilən tədqiqat metodlarından da danışıb.
AMEA Neft və Qaz İnstitutunun direktoru vəzifəsini icra edən, akademik Fəxrəddin Qədirovun təqdimatı isə zəlzələlərin öyrənilməsi sahəsində aparılan geodinamik tədqiqatlarla bağlı olub.
Sonda professor Rəşid Cavanşir tərəflər arasında aparılan müzakirələrin nəticəsi haqqında danışaraq bildirib ki, iclas tədqiqat metodları ilə tanışlıq baxımdan olduqca əhəmiyyətli idi. O, bu müzakirələrin tərəflər arasında qarşılıqlı əməkdaşlığa başlanması üçün səmərəli olacağına ümidvar olduğunu qeyd edib.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi