Oksford Universitetinin nümayəndələri ilə RSXM-də görüş keçirilib
Böyük Britaniyanın Oksford Universitetinin professoru Riçhard Voalker və universitetin əməkdaşı İan Pierce Azərbaycanda səfərdədirlər. Oksford Universitetinin nümayəndələri noyabrın 23-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində olublar. Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, RSXM - nin baş direktorunun elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov və İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı iştirak ediblər.
RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Oksford Universiteti ilə mərkəz arasında ikitərəfli əməkdaşlıq və birgə elmi tədqiqatların aparılması, eləcə də birgə elmi layihələrin həyata keçirilməsinə dair təşəbbüsləri müsbət qiymətləndirərək əməkdaşlıq üçün real imkanlar olduğunu qeyd edib. Onun sözlərinə görə, Oksford Universiteti ilə RSXM arasında əməkdaşlığa dair tərəflər arasında bir neçə dəfə onlayn görüşlər keçirilib və həmin görüşlərdə də əməkdaşlıq perspektivləri müzakirə olunub.
Oksford Universitetinin professoru Riçard Voalker AMEA nəzdində RSXM tərəfindən aparılan tədqiqatları yüksək qiymətləndirərək mərkəzlə birgə layihələrin həyata keçirilməsinə maraqlı olduqlarını qeyd edib. Qonaq bildirib ki, birgə elmi tədqiqatların aparılması, eləcə də təcrübə mübadiləsinin həyata keçirilməsi üçün yaxşı imkanlar var. O, həyata keçiriləcək layihələrə Bp şirkətinin qoşulmasının mümkünlüyünü də istisna etməyib.
Daha sonra qonaqlara mərkəzdə aparılan işlərə dair təqdimat təqdim edilib. RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-minerologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova təqdimatda mərkəzdə aparılan kompleks seysmoloji-geofiziki tədqiqatlar və alınmış nəticələr haqqında danışıb.
Oksford Universitetinin professoru Riçard Voalker və universitetin əməkdaşı İan Pierce isə öz təqdimatlarında kosmik çəkilişlər vasitəsi ilə zəlzələdən sonra Yer səthində yaranmış qırılmalara dair şəkillər və onların emalı nəticəsində əldə olunmuş məlumatlar haqqında danışıblar.
Paleoseysmologiya sahəsində birgə əməkdaşlığın mümkünlüyünü bildirən Oksford Universitetinin professoru Riçard Voalker bununla bağlı mərkəz əməkdaşlarına treninq və təlimlər keçirilməsinin mümkünlüyünü istisna etməyib.
Görüşün sonunda xatirə şəkili çəkilib və qonaqlara hədiyyələr təqdim olunub.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi