Meksika seysmologiya sahəsində Azərbaycanla əməkdaşlıq qurmaq istəyir
Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini oktyabrın 28-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində olub. AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev və AMEA Rəyasət Heyətinin Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva da görüşdə iştirak ediblər. Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli qonağı Monitorinq Mərkəzi ilə tanış edib. RSXM-nin respublika ərazisindəki seysmik stansiyalarından alınan məlumatların peyk vasitəsi ilə birbaşa Monitorinq Mərkəzinə ötürüldüyünü qeyd edən baş direktor həmin məlumatların emalının də burda aparıldığını qeyd edib. Daha sonra qonağa Respublika Seysmoloji Xidmət Mərkəzinin işi və burada aparılan elmi tədqiqatlarla bağlı ətraflı məlumat verilib. Bildirilib ki, RSXM-də kompleks seysmoloji, geofiziki və geokimyəvi tədqiqatlar aparılır. Hazırda mərkəzin respublika ərazisində 62 seysmik stansiyası fəaliyyət göstərir ki, onlardan 35-i daimi seysmik stansiyalardır. Bundan başqa, respublika ərazisində 5 geofiziki, 6 geokimyəvi, 24 GPS stansiyaları da fəaliyyət göstərir.
Baş direktor həmçinin mərkəzin beynəlxalq təşkilatlardakı fəaliyyəti və xarici ölkələrlə əməkdaşlıq məsələlərinə də toxunub. RSXM-nin ABŞ-ın “Kinemetrics” şirkəti ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdıran Qurban Yetirmişli həmçinin təşkilatın Amerikanın nüfuzlu universitetləri ilə də əlaqələrinin olduğunu qeyd edib. Bildirilib ki, hazırda mərkəz altı beynəlxalq seysmoloji təşkilatın üzvüdür və 20-dan artıq xarici ölkə ilə ikitərəfli əməkdaşlıq edir.
AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev səfirə 2018-ci ildə AMEA-da qonaq olarkən müzakirə olunan əməkdaşlıq məsələlərini xatırladıb. Bildirib ki, həmin müzakirələr zamanı ölkələrimiz arasında elmi əməkdaşlığın qurulması, eləcə də kadr hazırlığı və qarşılıqlı təcrübə mübadiləsinin aparılması kimi məsələlərə toxunulsa da sonradan dünyada pandemiya təhlükəsinin yaranması bu məsələləri bir qədər ləngidib. Meksikanın seysmik baxımdan aktiv bölgədə yerləşdiyini qeyd edən akademik İbrahim Quliyev bildirib ki, iki ölkənin elmi tədqiqat institutları arasında seysmologiya ilə yanaşı, neft geologiyası, palçıq vulkanlarının öyrənilməsi və s. istiqamətlərdə də əməkdaşlığın qurulması mümkündür. Respublika Seysmoloji Xidmət Mərkəzinin fəaliyyətinə toxunarkən AMEA-nın birinci vitse-prezidenti deyib ki, mərkəz nəinki MDB məkanında, Yaxın Şərq ölkələri arasında da aparılan tədqiqatların dəqiqliyinə görə liderdir. Mərkəzdə yüksək hazırlıqlı kadr potensialının çalışdığını qeyd edən akademik İbrahim Quliyev iki ölkə arasında kadrların təcrübə mübadiləsinin aparılmasının mümkünlüyünü də istisna etməyib.
Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini isə öz çıxışında RSXM-də gördüyü işlərdən yaxşı mənada təəccübləndiyini bildirib. “Mən aparılan işlərlə bayaqkı tanışlıqdan sonra buradakı işlərdən sözün yaxşı mənasında təəccübləndim. Həqiqətən də burada həm seysmologiya, həm də geofiziki tədqiqatlar sahəsində böyük işlər görülür” - deyən səfir öz ölkəsi ilə bağlı da ətraflı məlumat verib. Azərbaycanla Meksika arasında əlaqələrin inkişaf etdiyini vurğulayan səfir bu əlaqələrin daha da genişləndirməyə maraqlı olduqlarını söyləyib. Onun sözlərinə görə, Meksikanın Milli Seysmoloji Xidməti və bu sahə ilə məşğul olan digər qurumlarla RSXM arasında ikitərəfli əlaqələr qurula bilər. Qonaq həmçinin elmi kadrların hazırlanması, zəlzələlərin öyrənilməsi sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının mümkünlüyünü də istisna etməyib.
AMEA nəzdində RSXM-nin baş direktoru Qurban Yetirmişli bu ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təxribatlarından sonra Azərbaycan ordusunun Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərimizdə apardığı əks-həmlə əməliyyatları barədə qonağı məlumatlandırıb.Ermənstan rəhbərliyinin və ordusunun regionda təkcə Azərbaycan yox, bütün region üçün terror mənbəyi və təhlükə olduğunu qeyd edən baş direktor Ermənistan tərəfindən Azərbaycanda mülki əhalinin hədəf seçilməsinə diqqət çəkib. O, bildirib ki, cəbhədə Azərbaycan əsgəri ilə döyüşməkdən qaçan düşmən ölkənin hərbi qüvvələri cəbhə xəttindən kənarda olan yaşayış məntəqələrini hədəf seçməklə öz mahiyyətlərini bir daha ortaya qoyurlar. Elə bu gün Ermənistan tərəfi Azərbaycanın Bərdə şəhərinin mərkəzinə qadağan olunmuş ballistik raketlər ataraq mülki əhalini yenidən hədəf seçib. Nəticədə mülki vətəndaşlar həyatlarını itiriblər.
Baş direktor həmçinin ermənilərin bundan əvvəl Gəncə şəhərində, Tərtərdə, Bərdə, Naftalan və digər rayonlarımızda törətdiyi terror aktlarını da qonağa xatırladıb. Qurban Yetirmişli baş verən hadisələrə beynəlxalq birliyin lazımı qiymət vermədiyini diqqətə çatdıraraq, bu işdə xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyalarının da həqiqəti öz ölkələrinə çatdırmasının vacib olduğunu qeyd edib.
Daha sonra qonağa RSXM-nin fəaliyyətini əks etdirən hədiyyələr təqdim edilib və xatirə şəkili çəkilib.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi