İsmət Qasımovun 80 illik yubileyi qeyd edilib
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Şamaxı” seysmik stansiyasının müdiri İsmət Qasımovun 80 illik yubileyi qeyd edilib. Şamaxı rayon icra hakimiyyətində keçirilən tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın Yer Elmləri bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, RSXM-nin baş direktorunun müavini Ramiz İsgəndərov, baş mühəndis Rauf Muradov, “Seysmologiya” şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli və digər əməkdaşlar iştirak ediblər.
RSXM-nin baş direktoru Qurban Yetirmişli İsmət Qasımovun Azərbaycanda seysmologiya sahəsinin inkişafındakı rolu və xidmətlərindən danışıb. Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov tədbirdə çıxış edərək yubiliyarı təbrik edib.
Daha sonra İsmət Qasımova Azərbaycanda seysmologiya sahəsindəki fəaliyyətinə görə AMEA-nın Yer Elmləri bölməsi tərəfindən verilən “Fəxri Fərman” və qiymətli hədiyyə təqdim edilib.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi