Gürcüstanlı seysmoloqlar Azərbaycanda səfərdədirlər
Gürcüstan Respublikası İlia Dövlət Universitetinin Yer Elmləri İnstitutu və Seysmik Monitorinq Mərkəzinin direktoru, professor Tea Godoladzenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Səfər çərçivəsində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində gürcüstanlı qonaqlarla görüş keçirilib. Görüşdə AMEA-nın vitse-prezidenti, Yer Elmləri bölməsinin rəhbəri, akademik İbrahim Quliyev, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, RSXM-nin baş direktorunun elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov iştirak ediblər. Müzakirələrdə ikitərəfli əməkdaşlıq və beynəlxalq layihələrdə birgə iştirak məsələlərinə toxunulub. AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli qonaqlara beynəlxalq qrant layihəsi çərçivəsində ölkəmizə gətirilən 22 ədəd seysmik stansiya və həmin stansiyaların quraşdırılması haqqında ətraflı məlumat verib.
Baş direktor bildirib ki, artıq həmin stansiyalardan 3-ü seçilmiş müvafiq ərazilərdə yerləşdirilib. Abşeron yarımadasındakı palçıq vulkanları ətrafında isə 12 seysmik stansiya quraşdırılacaq ki, artıq bu istiqamətdə də işlərə başlanıb. Baş direktor onu da bildirib ki, indiyə qədər dünya ölkələrinin təcrübəsində palçıq vulkanlarında gedən proseslərin seysmik stansiyalar vasitəsi ilə öyrənilməsi təcrübəsi olmayıb. Azərbaycanda palçıq vulkanları ətrafında quraşdırılacaq stansiyalar ilk olacaq.
İlia Dövlət Universitetinin Yer Elmləri İnstitutu və Seysmik Monitorinq Mərkəzinin rəhbəri, professor Tea Godoladze isə Azərbaycanda seysmik tədqiqatların yüksək səviyyədə aparıldığını qeyd edərək, yeni stansiyaların quraşdırılmasından sonra aparılan tədqiqatların keyfiyyətinin daha da yüksələcəyini qeyd edib.
RSXM-lə Gürcüstanın İlia Dövlət Universitetinin Yer Elmləri İnstitutu və Seysmik Monitorinq Mərkəzinin uzun illərdir əməkdaşlıq etdiyini bildirən Tea Godoladze tərəflər arasında davamlı olaraq məlumat mübadiləsi, kadrların təcrübə mübadiləsi və qarşılıqlı səfərlərin həyata keçirildiyini bildirib.
AMEA-nın vitse-prezidenti, Yer Elmləri bölməsinin rəhbəri, akademik İbrahim Quliyev isə region ölkələrin seysmoloji mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsinin ümumilikdə regionun seysmikliyinin öyrənilməsi və yeni elmi nəticələrin əldə olunması baxımından əhəmiyyətli olduğunu deyib.
Qeyd edək ki, gürcüstanlı seysmoloqlar səfər çərçivəsində RSXM-nin əməkdaşları üçün yeni seysmik stansiyaların məlumatların emalına dair təlim keçiblər.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi