GEANT-ın mütəxəssisləri Respublika Seysmoloji Xidmət Mərkəzində olublar
GEANT-ın beynəlxalq layihələr üzrə meneceri Veronika Di Luna, Tədqiqat işləri üzrə mütəxəssisi Chris Atherton və Satınalmalar üzrə mütəxəssis Rita Mazeikaite AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində olublar. Görüşdə RSXM-in sistem administratoru Ruqiyyə Kərimova, “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri Səbinə Kazımova və digər əməkdaşlar iştirak ediblər.
Qonaqlara RSXM tərəfindən aparılan kompleks seysmoloji, geofiziki, geodinamik və geokimyəvi tədqiqatlar haqqında məlumat verilib.
Bildirilib ki, RSXM-in informasiya resursları ilə təmin edilməsində GEANT-ın dəstəyindən AzScienceNet elm kompüter şəbəkəsi vasitəsilə istifadə edilir. Bununla yanaşı, AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən Mərkəzin şəbəkə infrastrukturunun AzScienceNet şəbəkəsinin Data Mərkəzində yerləşən Milli Eduroam Serverinə qoşulması təmin edilib.
Avropa Komissiyasının Azərbaycanda aparılan seysmoloji tədqiqatlarla yaxından maraqlandığını vurğulayan qonaqlar görülən işləri yüksək qiymətləndiriblər.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi