Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Bu gün professor Qurban Yetirmişlinin doğum günüdür

4 Sentyabr 2023
Bu gün professor Qurban Yetirmişlinin doğum günüdür

Bu gün görkəmli seysmoloq-geofizik alim, elm təşkilatçısı və seysmologiya sahəsinin öyrənilməsi ilə bağlı elmi biliklərin təbliğatçısı, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin  doğum günüdür.

Qurban Cəlal oğlu Yetirmişli 1952-ci il sentyabrın 4-də Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olub. 1969-cu ildə 1 saylı Marneuli şəhər orta məktəbini bitirib. Həmin ildə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) Geologiya fakültəsinə daxil olub və 1974-cü ildə “Faydalı qazıntı yataqlarının geologiyası və kəşfiyyatı” fakültəsini müvəffəqiyyətlə bitirərək, mühəndis-geoloq ixtisasına yiyələnib. 

2000-ci ildə namizədlik, 2010-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 2018-ci ildə professor elmi adını almışdır. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Qurban Yetirmişli əmək fəaliyyətinə 1975-ci ildən AMEA-nın Geologiya İnstitutunda baş laborant vəzifəsindən başlamış, 1977-78-ci illərdə “Geofiziki cihazqayırma” XKB mühəndis, 1978-1980 - ci illərdə baş mühəndis vəzifələrində çalışıb. 1980 - ci ildən Azərbaycan Elmlər Akademiyasının Təcrübi – Metodiki Geofiziki Ekspedisiyasının (1999-cu ildən AMEA nəzdində RSXM) rəis müavini, 2000-2008-ci illərdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində baş direktorun 1-ci müavini, 2008-ci ildən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktorudur. 

Qurban Yetirmişli Azərbaycanın geodinamik, seysmoaktiv şəraiti mürəkkəb olan zonalarında, Yerin dərin qatlarında neft - qazlılığın qiymətləndirilməsi və perspektivliyi haqqında (Aşağı Kür çökəkliyi) bir-sıra elmi-nəzəri işlər aparıb. 201 elmi məqalənin müəllifidir. Onlardan 94 elmi əsər xaricdə nəşr olunan beynəlxalq jurnallarda çap olunub. Q.Yetirmişli 6 monoqrafiyanın müəllifi, “Geofizika cildi” kitabının həmmüəllifidir. 

Q.Yetirmişlinin təşəbbüsü ilə ilk dəfə Azərbaycanın telemetrik stansiyaları şəbəkəsinin məlumatları əsasında Orta Kür çökəkliyində müşahidə məntəqələrində P və S dalğalarının gəlmə vaxtlarına düzəlişlər verməyə və zəlzələ hiposentrlərinin koordinatlarının təyininin dəqiqliyini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verən Yer qabığının sürət modeli tərtib olunub. İlk dəfə olaraq elektron məlumat bazası əsasında geofiziki sahələrin parametrlərinin kompleks interpretasiyası, nəticələrin qrafiki, 3D formatında vizuallaşdırılması, modellərin qurulması və geofiziki sahələrdə seysmoanomal effektlərin aşkarlanmasına imkan verən proqram paketi yaradılıb.

Geomaqnit sahəsinin parametrlərinin analizi əsasında Azərbaycanın seysmogen zonalarında (Böyük Qafqaz və Talış zonası) zəlzələlərin baş verə biləcək zonaları müəyyən edilmişdir və bu həmin zonalarda seysmik aktivliyin inkişafını izləməyə imkan verir.

Qurban Yetirmişlinin rəhbərliyi ilə ilk dəfə Azərbaycan seysmotelemetrik stansiyaların vasitəsi ilə Lökbatan palçıq vulkanının 3 səviyyəli püskürmə prosesi qeyd olunub. Hər bir püskürmənin davamlılığı, dərinliyi və ayrılan enerjisi təyin olunub.

Professor Qurban Yetirmişlinin Azərbaycan ərazisində yaradılmış unikal monitorinq sisteminin və alınan məlumatlar əsasında silsilə elmi məqalələri dünyanın nüfuzlu elmi jurnallarında öz əksini tapıb. Azərbaycan ərazisinin geodinamik şəraiti və seysmikliyinə aid problemlə əlaqədar aparılan tədqiqatlar dünya alimləri tərəfindən yüksək qiymətləndirilib və onlara 1000-ə yaxın istinad var.

Qurban Yetirmişli dünyanın bir sıra qabaqcıl elmi mərkəzləri ilə əməkdaşlıq edir. Tanınmış alim 25-dən artıq ölkədə (ABŞ, Kanada, İtaliya, Almaniya, Fransa, İspaniya, Portuqaliya, Malta, Çexiya, Avstriya, Macarıstan, Pakistan, Oman, İran, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Belarusiya, Latviya, Qazaxıstan, Özbəkistan və s.) konfranslarda elmi məruzələrlə çıxış edib. Azərbaycan Seysmoloqlar Assosiasiyasının sədri, beynəlxalq elmi qurumların -  AGU (Amerika Geofiziklər Birliyi), ORFEUS (Avropa Seysmoloji Müşahidə və Araşdırma Mərkəzi), İRİS (Birləşmiş Seysmoloji Araşdırmalar İnstitutu), EMSC (Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi), ESC-nin (Avropa Seysmologiya Komissiyası) həqiqi üzvü, bir sıra beynəlxalq qrant layihələrinin rəhbəri, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, AMEA Geologiya və Geofizika İnstitutunun Elmi Şurasının üzvü, AMEA-nın Yer Elmləri bölməsinin Elmi Şurasının üzvü, AMEA nəzdində RSXM-nin Elmi-Texniki Şurasının sədridir.

Qurban Yetirmişli “Azərbaycan ərazisində güclü zəlzələ episentrlərin xəritəsi (427-2018-ci illər)”, “Azərbaycan Respublikası ərazisində məlum güclü zəlzələlərin pleystoseyst zonaları xəritəsi”nin, “Azərbaycan Respublikası ərazisində güclü zəlzələlərin başvermə ehtimalı xəritəsi”nin redaktoru, “Xəbərlər” (Yer Elmləri seriyası), Rusiya Elmlər Akademiyası Ural bölməsinin Orenburq Elmi Mərkəzinin “Бюллетен Оренбургского научного центра УрО РАН”, “Геология и геофизика Юга России”, “Землетрясения Северной Евразии”, “Российский сейсмологический журнал”, Özbəkistan Respublikasının “Вопросы сейсмологии”, Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamentinin rəsmi nəşri olan “Türk Deprem Araşdırma Dərgisi” elmi nəşrlərinin redaksiya heyətinin üzvüdür.

Alimin elmi məsləhətçiliyi və rəhbərliyi ilə yüksək ixtisaslı elmi kadrların hazırlanmasında böyük əməyi vardır. Onun rəhbərliyi altında 4 fəlsəfə doktoru və 2 elmlər doktoru hazırlanmış, hazırda 6 fəlsəfə doktoru elmi dərəcəsinə namizədin elmi rəhbəri və 7 elmlər doktorunun elmi məsləhətçisidir.

Qurban Yetirmişli rəhbərlik etdiyi AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin  elmi potensialının və avadanlıq bazasının inkişafı üçün də böyük işlər görüb. Qurban Yetirmişlinin bilavasitə rəhbərliyi altında kompleks seysmoloji-geofiziki tədqiqatların daha yüksək səviyyədə aparılmasını təmin etmək üçün 2008-ci ilə qədər 14 rəqəmsal stansiyadan ibarət olan seysmoloji müşahidə sistemi genişləndirilərək 84 rəqəmsal stansiyadan ibarət unikal monitorinq sisteminə çevrilib. Bundan başqa, ABŞ-ın “Trimble” şirkəti tərəfindən istehsal olunan cihaz¬larla təchiz olunmuş 24 yeni GPS, 25 Tiltimetr, 9 maqniometrik, 4 qravimetrik və 6 seysmogeokimyəvi stansiyaları qurulub, iki poliqon üzrə 200 nöqtədə geofiziki tədqiqatlar aparılır.

Dəyərli alimin elmi və elmi-təşkilati fəaliyyəti daim yüksək qiymətləndirilib. Qurban Yetirmişli 2003-cü ildə AMEA Rəyasət Heyəti tərəfindən “Fəxri Fərmanla” təltif olunub. 2005-ci ildə Azərbaycanda elmi sahədəki aktiv fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub. 2015-ci ildə səmərəli elmi fəaliyyətinə və Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. 2016-cı ildə “Şərəfli ömür” Fəxri Diplomuna layiq görülüb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin kollektivi olaraq dəyərli alim, gözəl elm təşkilatçısı Qurban Yetirmişlini ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, Azərbaycan elminin inkişafı yolunda yeni uğurlar arzulayırıq!  

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə