Beynəlxalq seysmoloji konfransda iştirak edən seysmoloq alimlər AMEA-nın prezidenti İsa Həbibbəyli ilə görüşüblər
“Qafqazda Seysmik Təhlükə Yenilikləri və Müasir Mühəndislik Təcrübələrinin nəticələri” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda iştirak edən xarici seysmoloq alim və mütəxəssislər Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində olublar.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli ilə görüşən xarici qonaqlara əvvəlcə AMEA Rəyasət Heyətinin yerləşdiyi binanın tarixi, Azərbaycan Milli Elmlər Akademiyasının yaradılması və inkişaf yolu haqqında ətraflı məlumat verilib. Xarici qonaqlar həmçinin gələn il AMEA-nın 80 illiyinin qeyd olunması ilə bağlı akademiyanın yeni logosunun hazırlanmasına dair keçirilən müsabiqəyə təqdim olunan eskizlərin sərgisi ilə tanış olublar.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli xarici qonaqların təqdim olunmuş logoların eskizləri ilə bağlı fikirləri ilə maraqlanıb. Bildirilib ki, mayın 15-də keçirilmiş müsabiqəyə yekun vurulacaq və qalib gəlmiş namizədin adı açıqlanacaq.
Daha sonra AMEA-nın prezidentinin konfrans iştirakçıları ilə rəsmi görüşü olub.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, seysmologiya elminin öyrənilməsi bütün dünya ölkələri üçün vacibdir. Seysmologiyanın bütün dünyanın problemi olduğunu qeyd edən AMEA-nın prezidenti zəlzələdən bütün seysmik aktiv bölgələrdə yerləşən insanların əziyyət çəkdiyini, böyük zəlzələlərin dağıdıcı gücə malik olduğunu, şəhərləri dağıtdığını, insanların həyatına son qoyduğunu bildirərək, bu sahədə seysmoloq alim və mütəxəssislərin birgə elmi işlərin aparılmasının əhəmiyyətindən danışıb.
Azərbaycanda seysmologiya elminin yüksək səviyyədə inkişaf etdiyini, Azərbaycan seysmoloqlarının ən müasir proqram və texnologiyalardan istifadə etdiklərini qeyd edən AMEA-nın prezidenti Respublika Seysmoloji Xidmət Mərkəzinin xarici ölkələrin seysmoloji mərkəzləri və beynəlxalq seysmoloji təşkilatlarla əlaqələrin çox yaxşı səviyyədə olduğunu, bügünkü tədbirdə bunun bir daha öz təsdiqini tapdığını qeyd edib. AMEA-nın prezidenti həmçinin AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin beynəlxalq təcrübələrin öyrənilməsi sahəsində də çox yaxşı nəticələr əldə etdiyini bildirib.
Akademik İsa Həbibbəyli onu da deyib ki, xarici ölkələrin seysmoloji mərkəzləri və beynəlxalq seysmoloji təşkilatlarla əməkdaşlıq və birgə elmi tədqiqatların aparılması böyük əhəmiyyət kəsb edir. O, Bakıda keçirilən və üç gün davam edəcək konfrans çərçivəsində də çox yaxşı nəticələrin əldə olunacağına inandığını deyib. AMEA-nın prezidenti onu da deyib ki, Bakıda olan xarici qonaqların AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ilə yanaşı, AMEA ilə də tanışlığı vacibdir və bunun əlaqələrin daha yaxşı inkişaf etməsi baxımından da böyük əhəmiyyəti var.
Daha sonra ABŞ Enerji Departamentinin Layihələr üzrə nümayəndəsi Viliam Vanderer çıxış edib. Azərbaycanla əməkdaşlığın çox yaxşı səviyyədə olduğunu və qeyd edən Viliam Vanderer bu əməkdaşlığın gələcəkdə daha yaxşı inkişaf edəcəyinə əmin olduğunu bildirib. Amerika nümayəndəsi Qafqaz regionunda seysmoloji tədqiqatların aparılmasının əhəmiyyəti haqqında danışaraq, seysmik bölgələrdə tikinti normalarının nəzərə alınmasının vacibliyini önə çəkib. Amerikalı qonaq Azərbaycanda aparılan seysmoloji tədqiqatlar haqqında danışarkən “Mən burdan bir daha bildirmək istəyirəm ki, sizin ölkəniz çox yaxşı nəticələr əldə edib və burada çox böyük işlər aparılır”-deyib.
Gürcüstanın İlya Dövlət Universitetinin Yer Elmləri İnstitutunun Seysmoloji Monitorinq Mərkəzinin direktoru, professor Tea Godoladze isə bildirib ki, AMEA nəzdində RSXM ilə Gürcüstanın Seysmoloji Xidmət Mərkəzləri arasında uzun illərdən bəridir ki, geniş əlaqələri var. “Həm iki ölkə səviyyəsində, həm də beynəlxalq layihələrdə Azərbaycan və Gürcüstan seysmoloqları birgə çalışırlar və bizim əməkdaşlığımız çox yüksək səviyyədədir” - deyən Tea Godoladze Azərbaycanı öz evi hesab etdiyini bildirib. Çıxışında Azərbaycanla Gürcüstan arasında da bütün sahələrdə çox yaxşı əlaqələrin olduğunu qeyd edən Tea Godoladze “Mən bura öz evim kimi gəlirəm. Çünki bizim ölkələrimiz dost, qardaş ölkələrdi”-deyib. Tea Godoladze AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin və onun komandasının əldə etdikləri nəticələrə görə dünya ölkələrinin seysmoloji mərkəzləri arasında ön sıralarda olduğunu bildirib.
Kanadanın Viktoriya Universitetinin professoru Tuna Onur isə çıxışında qeyd edib ki, o dəfələrlə Bakıya gəlib və Azərbaycanı özünə ikinci vətəni hesab edir. Hər dəfə Azərbaycana gələndə ölkədə yeni dəyişikliklər və inkişaf gördüyünü qeyd edən Tuna Onur Azərbaycanın inkişafının bölgə ölkələri üçün də böyük əhəmiyyət kəsb etdiyini bildirib. “Azərbaycan mənim ikinci vətənimdir. Çünki Azərbaycan bizə elə öz evimiz, öz vətənimiz kimidir”. Tuna Onur Azərbaycanda seysmoloji tədqiqatların çox yüksək səviyyədə aparıldığını bildirib. Bakıda keçirilən konfransın əhəmiyyəti haqqında danışarkən isə o, seysmoloqların bir araya gəlməsinin seysmik baxımdan aktiv bölgələrdə yerləşən ölkələrdə şəhərlərin salınması zamanı tikinti normalarına əməl olunması baxımından vacib olduğunu deyib.
IRIS beynəlxalq seysmoloji təşkilatın nümayəndəsi Andrea Çiang isə öz çıxışında Bakıda keçirilən konfransın əhəmiyyəti, Azərbaycanda aparılan seysmoloji tədqiqatlar və əldə olunmuş nəticələr, region ölkələrinin birgə elmi layihələrdə iştirakı haqqında danışıb.
Daha sonra Özbəkistan Respublikasının nümayəndəsi Bosiddin Fakhriddinov çıxış edib. Özbəkistanlı qonaq Azərbaycanla birgə elmi əməkdaşlığın və seysmoloji tədqiqatların aparılmasının əhəmiyyətindən danışıb.
Amerikanın Missuri Universitetinin professoru Erik Sandvol isə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi və Missuri Universiteti arasında əməkdaşlığın uzun illərə dayandığını və bir neçə böyük layihələrdə birgə tədqiqatlar apardıqlarını qeyd edib. Erik Sandvol “Mənim üçün də Azərbaycan ikinci vətən kimidir. Çünki mən uzun illərdir bura gəlirəm. Hər dəfə də gələndə çox yüksək əhval-ruhiyyə ilə öz ölkəmə dönürəm. Biz professor Qurban Yetirmişli və onun komandası ilə birlikdə bir çox layihələrdə iştirak etmişik. Çox yaxşı nəticələr əldə etmişik. Biz birgə layihələrdə çox yaxşı nəticələr əldə edirik və əminəm ki, bizim birgə tədqiqatlarmız gələcəkdə də davam edəcək” deyib.
AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Bakıda keçirilən beynəlxalq konfransın işinə və konfransda iştirak edən xarici qonaqlara göstərilən diqqət üçün AMEA prezidentinə minnətdarlıq edərək, bu cür tədbirlərin ölkəmizdə keçirilməsinin əhəmiyyətli olduğunu bildirib. Baş direktor üç günlük müzakirələr zamanı partnyor ölkələrlə birgə elmi tədqiqatların aparılması baxımından yaxşı nəticələr əldə olunacağına inandığını deyib.
Daha sonra AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Amerika Birləşmiş Ştatları Enerji Departamentinin Layihələr üzrə nümayəndəsi Viliam Vandererə xatirə hədiyyəsini təqdim edib və sonda qonaqlarla birgə xatirə şəkili çəkilib.