Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Bakıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Seysmologiya və mühəndisi seysmologiya” mövzusunda VII Beynəlxalq Konfrans keçirilir

6 İyun 2023
Bakıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Seysmologiya və mühəndisi seysmologiya” mövzusunda VII Beynəlxalq Konfrans keçirilir

6 iyun 2023-cü il tarixində Bakıda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Seysmologiya və mühəndisi seysmologiya” mövzusunda VII Beynəlxalq Konfrans öz işinə başlayıb. 

Konfransın açılış mərasimindən əvvəl iştirakçılar Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər. Konfransın açılış mərasimində dövlət qurumlarının rəsmiləri, xarici ölkələrdən olan seysmoloq alim və mütəxəssislər, eləcə də AMEA-nın və elmi təşkilatların rəhbərləri iştirak ediblər. 

 Konfransın açılış mərasimində çıxış edən AMEA prezidenti, akademik İsa Həbibbəyli bu il ölkəmizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edildiyini və bu münasibətlə ölkəmizdə müxtəlif tədbirlərin keçirildiyini bildirib. Azərbaycanda seysmologiyanın inkişafında Ulu Öndər Heydər Əliyevin böyük rolunun olduğunu qeyd edən AMEA prezidenti bu ilin fevral ayının 6-da qardaş Türkiyədə baş verən zəlzələdən sonra bütün dünyada seysmologiya sahəsinə diqqətin daha da artdığını qeyd edib. AMEA prezidenti çıxışında Azərbaycanda aparılan seysmik tədqiqatlar, əldə olunmuş nəticələr və qarşıda duran vəzifələr haqqında da ətraflı danışıb.

Konfransın açılış mərasimində çıxış edən seysmologiya sahəsində çalışan alimlərin qarşısında duran vəzifələr, zəlzələlərin öyrənilməsi metodlarına dair məruzə ilə çıxış edib. O, çıxışında Türkiyədə bu ilin fevralın 6-da baş verən zəlzələ haqqında danışıb. Azərbaycanın baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında qardaş ölkəyə misilsiz dəstək verdiyini qeyd edən professor Hasan Mandal öz ölkəsi adından Azərbaycan rəhbərliyinə və xalqına minnətdarlığını bildirib. Onun çıxışından sonra AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli TUBİTAK-ın rəhbəri, professor Hasan Mandala Azərbaycanla bağlı xatirə hədiyyəsi təqdim edib. 

Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev baş verən təbii fəlakətlər, qardaş Türkiyədə bu ilin fevral ayında baş verən zəlzələ zamanı aparılan xilasetmə işləri, təbii fəlakətlərin nəticələrini aradan qaldırarkən ortaya çıxan problemlər haqqında danışıb. Nazir müavini bildirib ki, təbii fəlakətlərdən heç kim sığortalı deyil. Ona  görə hər bir qurum öz işlərini həyata keçirərkən diqqətli olmalıdır.

Açılış mərasimində, həmçinin xarici ölkələrdən olan seysmoloq alimlər İan Pierce (Böyük Britaniyanın Oksford Universiteti ), Erik Sandvol (ABŞ-ın Missuri Universiteti), Tea Godoladze (Gürcüstanın İlya Dövlət Universitetinin Yer Elmləri İnstitutunun Seysmoloji Monitorinq Mərkəzinin direktoru), Boris Trifonov (Rusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitutu) salamlama nitqi ilə çıxış ediblər.

RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Azərbaycanda seysmologiya elminin inkişaf etməsində Ulu Öndərin misilsiz rolunun olduğunu qeyd edib. Baş direktor bildirib ki, hazırda Azərbaycanda olan modern seysmik stansiyalar şəbəkəsinin qurulması məhz Ulu Öndərin birbaşa göstərişi və bu sahəyə olan diqqəti nəticəsində həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin də bu istiqamətdə hər zaman seysmoloqlara dəstək olduğunu bildirən baş direktor hazırda ölkəmizdə 84 seysmik stansiyanın fəaliyyət göstərdiyini, eləcə də dünyada ilk dəfə olaraq palçıq vulkanlarının dinamikasının seysmik stansiyalar vasitəsi ilə izlənilməyə başlandığını qeyd edib. RSXM-nin baş direktoru hazırda RSXM-də aparılan kompleks seysmoloji-geofiziki-geokimyəvi elmi tədqiqat işləri və alınan nəticələr haqqında da iştirakçılara ətraflı məlumat verib.

 Daha sonra konfrans AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin sədrliyi ilə məruzələrin təqdim olunması ilə davam etdirilib. 

 Qeyd edək ki, konfransda doqquz ölkədən seysmoloq alim və mütəxəssislər iştirak edirlər. On beş ölkənin seysmoloq alimləri konfransa öz məruzələrini təqdim ediblər. Konfrans çərçivəsində iyunun 8-də xarici ölkələrdən olan qonaqlar Şuşaya səfər edəcəklər. Konfrans iyunun 9-da başa çatacaq. 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə