Azərbaycanda quraşdırılacaq yeni seysmik stansiyalarla bağlı iclas keçirilib

Beynəlxalq qrant layihəsi çərçivəsində Azərbaycanda quraşdırılacaq yeni seysmik stansiyalarla bağlı növbəti müzakirələr keçirilib. “Zoom” platforması üzərindən onlayn keçirilən iclasda layihə iştirakçıları və tərəfdaş ölkələrin nümayəndələri yeni stansiyaların quraşdırılması istiqamətində görülmüş işlərə dair müzakirələr aparıblar.
İclasda Azərbaycan tərəfdən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov iştirak edib. Şöbə müdiri öz çıxışında beynəlxalq qrant layihəsi çərçivəsində görülmüş işlərdən danışarkən artıq Tovuz və Daşkəsən rayonlarında yeni seysmik stansiyaların quraşdırıldığını, İsmayıllı rayonunda quraşdırılacaq stansiya üzrə işlərin yekunlaşmaq ərəfəsində olduğunu qeyd edib.
Müzakirələrdə həmçinin yeni seysmik stansiyaların quraşdırılması ilə bağlı ortaya çıxan digər texniki məsələlər haqqında da fikir mübadiləsi aparılıb. Xatırladaq ki, layihə çərçivəsində ölkəmizdə 22 yeni seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi