Azərbaycan və Özbəkistanın Seysmoloji Mərkəzləri arasında Memorandum imzalanıb
Mayın 15-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Özbəkistan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Respublika Seysmoproqnoz Monitorinq Mərkəzinin rəhbəri Kahraman Kuçkarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli qonaqları salamlayaraq mərkəzdə aparılan kompleks seysmoloji, geofiziki, geokimyəvi və geodinamik tədqiqatlar haqqında ətraflı məlumat verib. Azərbaycanın dünyanın bir çox seysmoloji xidmət mərkəzləri ilə yaxından əməkdaşlıq etdiyini bildirən baş direktor qardaş Özbəkistanla da əlaqələrin daha da genişləndirilməsinin vacib olduğunu deyib.
Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Respublika Seysmoproqnoz Monitorinq Mərkəzinin rəhbəri Kahraman Kuçkarov Azərbaycanla birgə əməkdaşlıq haqqında danışıb. Birgə əməkdaşlığın tərəflər arasında qarşılıqlı təcrübə mübadiləsi, eləcə də beynəlxalq layihələrdə birgə iştirak etmək baxımından faydalı olduğunu qeyd edib.
Görüşdə iki ölkənin seysmoloji mərkəzləri arasında birgə əməkdaşlığı nəzərdə tutan Memorandum imzalanıb. İmzalanma mərasimindən xatirə hədiyyələri təqdim olunub.
Daha sonra qonaqlar RSXM-nin Monitorinq Mərkəzi ilə yaxından tanış olublar. RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova mərkəzdə aparılan elmi tədqiqatlar və alınmış nəticələrə dair təqdimatla çıxış edib.
Görüş xatirə şəklinin çəkilməsi ilə başa çatıb.