Azərbaycan seysmoloqları cəbhədə şücaət göstəriblər
Bu ilin sentyabrın 27-də Ermənistan
silahlı qüvvələrinin cəbhəboyu zonada ölkəmizə qarşı genişmiqyaslı təxribat törədərək,
Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini müxtəlif çaplı
artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan
Ordusu əks-həmlə əməliyyatlarına başladı. 44 gün davam edən Vətən müharibəsində Şanlı ordumuz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında düşmən üzərində
qələbə çaldı.
İşğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda başlayan Vətən Müharibəsində Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 5 əməkdaşı – mayor Gəray Əsədov, leytenat Sadiq Haxıyev, əsgər Mahir Agazadə, əsgər Elsəvər Rəhimov, əsgər Sərvət Qurbanzadə iştirak ediblər. İlk günlərdən ordu sıralarına qatılan əməkdaşlarımız cəbhənin müxtəlif istiqamətlərində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə xüsusi fəallıq göstərərək, qəhrəmancasına döyüşüblər.
Leytenat Sadiq Haxıyev Cəbrayıl, Qubadlı, Zəngilan rayonları uğrunda gedən ağır döyüşlərdə yanında minomyot partlaması nəticəsində iki gün eşitmək və danışıq qabiliyyətini itirib. Ancaq buna baxmayaraq, zabitimiz döyüşlərə davam edib. Hazırda əməkdaşımız Şuşada hərbi xidmətini davam etdirir. RSXM -nin digər əməkdaşları da Vətən müharibəsində xüsusi şücaət göstəriblər. Eyni zamanda seysmoloqların arasında övladları şəhid olan əməkdaşlarımız da var. Vətən uğrunda şəhid olan bütün əsgər və zabitlərimizə Ulu Tanrıdan rəhmət, ailələrinə səbir diləyirik!
Qeyd edək ki, Azərbaycan Seysmoloqlar Assosasiyası İctimai Birliyi tərəfindən ordumuza dəstək məqsədi ilə Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat vəsait köçürülmüşdür. Həmçinin cəbhədə olan əməkdaşlarımızın ailələrinə maddi yardım göstərilmişdir.
Azərbaycan ordusunun düşmənə verdiyi layiqli cavab zərbələri nəticəsində işğal altlnda olan Cəbrayıl, Füzuli, Şuşa, Qubadlı, Zəngilan rayonları, Hadrut, Suqovuşan qəsəbələri və 200 - dən artıq kəndlərimiz işğaldan azad edilmişdir.
Noyabrın 10 - da Azərbaycan, Ermənistan və Rusiya tərəfindın imzalanmış üçtərəfli bəyanata əsasən düşmən artıq Ağdam və Kəlbəcər rayonlarının ərazisini tərk edib və həmin rayonlar Azərbaycan ordusunun nəzarətinə keçmişdir. Dekabrın 1- də isə Laçının Azərbaycan tərəfinə təhvil verilməsi ilə ölkəmizin ərazi bütövlüyü təmin ediləcəkdir.
Eşq olsun Ali Baş Komandana!
Eşq olsun cəsur döyüşçülərimizə!
Qarabağ Azərbaycandır!
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi