Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib
Fevralın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva və bir sıra dövlət qurumlarının rəhbərləri, AMEA-nın Rəyasət Heyətinin üzvləri, akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatların rəhbərləri, ali təhsil müəssisələrinin rektorları, respublika üzrə 2025-ci il ərzində əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri iştirak ediblər.
Əvvəlcə 2025-ci ilin yekunlarına həsr olunmuş sərgiyə baxış olub. Sərgidə AMEA-nın elmi müəssisə və təşkilatlarının 2025-ci ildə əldə etdiyi elmi nailiyyətləri və elmi nəşrlər nümayiş etdirilib.
İclası AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra hesabat ilində dünyasını dəyişmiş elm xadimlərinin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli “Azərbaycanşünaslıqdan rəqəmsallaşmaya və beynəlxalq əlaqələrə” mövzusunda məruzə ilə çıxış edib.
AMEA-nın akademik-katibi, akademik Arif Həşimovun AMEA-nın, elmi təşkilatların və ali təhsil müəssisələrinin 2025-ci ildəki elmi-təşkilatı fəaliyyəti haqqında məruzəsi dinlənilib.
Tədbirdə, həmçinin AR Milli Məclisinin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov, AMEA-nın müşaviri akademik Yaqub Mahmudov, akademik Əli Abbasov “Rəqəmsal elm və süni intellekt”, AMEA-nın Gənclər Akademiyasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev “Gənc Alimlər Şurasından – Gənclər Akademiyasına” və AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri “AMEA-nın tabeliyində olan elmi-tədqiqat müəssisələrinin elmimetrik reytinq göstəriciləri” adlı məruzələr təqdim olunub.
Sonda Ümumi Yığıncağın qərarı səsləndirilib.