Azərbaycan-Fransız Universitetinin nümayəndələri RSXM-də olublar
Aprelin 3-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində Azərbaycan-Fransız Universitetinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, icraçı direktor, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, “Zəlzələlərin tədqiqatı bürosu”nun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, “Geodinamika” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov, “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov, “İnformasiya” şöbəsinin müdiri Vüsalə Rafiqqızı, Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun əməkdaşı, Yer elmləri üzrə elmlər doktoru Qulam Babayev, Azərbaycan-Fransız Universitetinin (UFAZ) Yer elmləri üzrə koordinatoru Clara Jodry, Starsburq Universitetinin Seysmologiya üzrə professoru Alessia Maygi, Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru Elizaveta Bydanova, UFAZ-ın Yer elmləri üzrə müəllimi, Strasburq Universitetinin doktorantı Zaur Bayramov iştirak ediblər.
Görüşdə qonaqları salamlayan RSXM-nin baş direktoru, professor Qurban Yetirmişli Azərbaycan-Fransız Universiteti və RSXM arasında əməkdaşlıq olduğunu, universitet tələbələrinin RSXM-də təcrübə keçdiklərini qeyd edib. RSXM-nin baş direktoru mərkəzdə aparılan kompleks seysmoloji-geofiziki tədqiqatlar haqqında qonaqları məlumatlandıraraq, elm və təhsilin inteqrasiyasını təmin etmək üçün mərkəzin dünyanın aparıcı universitetləri, eləcə də yerli universitetlərlə yaxından əməkdaşlıq etdiyini bildirib.
Görüşdə UFAZ-ın nümayəndələri universitetlə mərkəz arasında əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildiriblər. Həmçinin zəlzələlərin öyrənilməsi sahəsində birgə tədqiqatların aparılmasının mümkünlüyü də istisna edilməyib.
Sonda UFAZ-ın müəllimi Zaur Bayramov zəlzələlərin öyrənilməsində süni intellektin tətbiqinə dair təqdimatla çıxış edib.
Görüşdə maraq doğuran digər suallara da aydınlıq gətirilib.