Avropa Komissiyasının layihə rəhbəri RSXM-də olub
"Avropa Komissiyası Azərbaycanda aparılan seysmoloji tədqiqatlarla yaxından maraqlanır. Sizin apardığınız tədqiqatlar və alınmış nəticələr bizim üçün yeni bir yanaşmadır". Bu sözləri Avropa Komissiyasının GEANT Assosasiyasının Beynəlxalq layihə rəhbəri Leonie Schaefer AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində olarkən söyləyib. Qonaq Mərkəzin Monitorinq Mərkəzinin işi ilə yaxından tanış olub. Görüşdə RSXM tərəfindən aparılan kompleks seysmoloji, geofiziki, geodinamik və geokimyəvi tədqiqatlar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, RSXM-nin informasiya resursları ilə təmin edilməsində GEANT-ın dəstəyindən istifadə edilir. Belə ki , Mərkəzin şəbəkə infrostrukturunun Az Science.Net elmi - komputer şəbəkəsinin Data mərkəzində yerləşən Milli Eduroam servisinə qoşulması AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən təmin edilib. Mərkəzdə həmçinin Wi-Fi və Eduroam xidmətinin yaradılması işləri həyata keçirilib. Qonaq görülən işləri yüksək qiymətləndirib. Azərbaycan seysmoloqlarının zəlzələlərin öyrənilməsi istiqamətində apardığı tədqiqatların nəticəsinin kifayət qədər maraqlı olduğunu bildirən qonaq bu istiqamətdə ikitərəfli əməkdaşlığın əhəmiyyətini də önə çəkib. O, bundan sonra da təmsil etdiyi təşkilatın Mərkəzə informasiya texnologiyalarının təmin olunması istiqamətində dəstək verəcəyini deyib.
Qeyd edək ki, görüşdə AMEA İnformasiya Texnologiyaları İnstitutu "Beynəlxalq əlaqələr" şöbəsinin müdiri Babək Nəbiyev, RSXM-nin "Zəlzələlərin tədqiqatı bürosu"nun rəisi Səidə İsmayılova, sistem administratoru Ruqiyyə Kərimova, "Beynəlxalq əlaqələr" şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi