AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi və Böyük Britaniyanın Oxford Universiteti əməkdaşlıq edir
Bu ilin əvvəlindən başlayaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi və Böyük Britaniyanın Oxford Universiteti arasında birgə əməkdaşlığa dair aparılan danışıqlar davam edir. Aparılan danışıqlarda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi və Böyük Britaniyanın Oxford Universitetinin gənc alim və mütəxəssislərinin birgə elmi tədqiqatlar aparması, gələcəkdə təcrübə və kadr mübadiləsi və beynəlxalq layihələrdə birgə iştirakı, o cümlədən birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Bu çərçivədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi və Böyük Britaniyanın Oxford Universitetinin birgə təşkilatçılığı ilə “Zoom” platforması üzərindən onlayn formatda “Azərbaycan və Cənubi Xəzərin aktiv tektonikası və zəlzələlərlə bağlı birgə tədqiqatların aparılması” mövzusunda davamlı müzakirələr keçirilib, hər iki tərəfdən işçi qruplar səviyyəsində müzakirələr aparılıb. Layihənin rəhbəri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, layihənin koordinatoru RSXM-nin baş direktorunun elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradovdur.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində aparılan elmi tədqiqatlarla bağlı bu yaxınlarda AMEA-nın müxbir üzvü, professor Rəşid Cavanşir RSXM-nin Seysmik Monitorinq şəbəkəsində olub. Qonaq burada mərkəzin seysmik stansiyaların fəaliyyəti, aparılan elmi tədqiqatlar və alınmış nəticələrlə bağlı görülən işlərlə yaxından tanış olub.
Müzakirələr zamanı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli RSXM və Böyük Britaniyanın Oxford Universiteti arasında birgə əməkdaşlığa başlanılmasının əhəmiyyətini vurğulayıb, “Azərbaycan və Cənubi Xəzərin aktiv tektonikası və zəlzələlərlə bağlı birgə tədqiqatların aparılması” mövzusunda davamlı müzakirələrin keçirilməsini vacib sayıb. Eyni zamanda RSXM-də zəlzələlərin öyrənilməsi sahəsində tətbiq edilən tədqiqat metodları barədə məlumat verib. AMEA nəzdində RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova isə Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən aparılan tədqiqat işləri, eləcə də Beynəlxalq Livermor Laboratoriyası ilə aparılan əməkdaşlıq haqqında məlumat verib.
Layihə çərçivəsində 2021-ci ilin sentyabr ayında Oxford Universitetinin professoru Richard Voalkerin Azərbaycana səfəri də nəzərdə tutulur.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi