Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

“6 fevral 2023-cü il zəlzələsi və mühəndislik paneli” mövzusunda onlayn iclas keçirilib

6 Fevral 2024
“6 fevral 2023-cü il zəlzələsi və mühəndislik paneli” mövzusunda onlayn iclas keçirilib

Ötən ilin fevralın 6-da qardaş Türkiyə Respublikasının Kahramanmaraş şəhərində baş verən zəlzələ ilə bağlı fevralın 6-da Türkiyə Respublikasının Kocaeli Universitetinin nümayəndələrinin iştirakı ilə “6 Şubat 2023 Depremleri ve Mühendislik Paneli” mövzusunda onlayn iclas keçirilib. 

İclasda Türkiyə Respublikasının Kocaeli Universitetinin professor-müəllim heyəti – professor Fadime Sertçelik, geofizika mühəndisliyi üzrə doktor Tahir Serkan İrmak, geofizika mühəndisliyi üzrə doktor Özkan Coruk, ətraf mühit mühəndisliyi üzrə doktor Kadriyə Oktor, xəritə mühəndisliyi üzrə doktor Erman Şentürk, inşaat mühəndisliyi üzrə mütəxəssis Serkan Engin və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli və mərkəzin əməkdaşları iştirak ediblər.

İclasda baş verən zəlzələlər, zəlzələlərin yaratdığı fəsadlar, Yerdə gedən proseslər, hazırda zəlzələ bölgəsindəki vəziyyətə dair alimlər tərəfindən məruzələr təqdim olunub.

Türkiyə Respublikasının Kocaeli Universitetinin professoru Fadime Sertçelik Türkiyədə ötən ilin fevralın 6-da baş verən zəlzələ haqqında danışıb.  Baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında qardaş Azərbaycanın misilsiz dəstək verdiyini qeyd edən professor Fadime Sertçelik həmkarlarına təşəkkür edib.

Daha sonra AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, 2023-cü ilin fevralında Türkiyədə baş vermiş və on minlərlə insanın həyatına son qoymuş dəhşətli zəlzələlərdən bir il ötür. Professor Qurban Yetirmişli zəlzələ nəticəsində həlak olanlara Allahdan rəhmət, doğmalarına və yaxınlarına səbir diləyib.

Professor Qurban Yetirmişli 2023-cü ilin aprel ayında mərkəz əməkdaşları ilə birgə qardaş Türkiyənin zəlzələ bölgəsində ən çox dağıntıya məruz qalan Kahramanmaraş şəhəri və zəlzələnin episentrində olan Pazarcık qəsəbəsində apardıqları qravimetrik, maqnitometrik, mühəndisi-seysmik və makroseysmik tədqiqatlardan da söz açıb. RSXM-nin mütəxəssislərinin apardığı tədqiqat işləri nəticəsində ərazidə gərginlik vəziyyəti müəyyən edildiyini bildirən Qurban Yetirmişli deyib ki, ərazidə tikinti işləri aparılarkən orada dərinlik quruluşu, hansı qırılmalarla bağlı olduğu öyrənilməli və  ərazinin seysmikliyi qiymətləndirilməlidir.

İclas zəlzələ bölgəsində tikilən binalarda təhlükəsizlik məsələləri ilə bağlı təqdimatlarla davam edib. Geofizika mühəndisliyi üzrə doktor Tahir Serkan İrmak “6 fevral 2023 – Kahramanmaraş zəlzələlərinin seysmoloji özəllikləri", geofizika mühəndisliyi üzrə doktor Özkan Coruk “6 fevral zəlzələləri zamanı qruntların mühəndis geoloji xüsusiyyətlərinin struktur zədələnməsinə təsiri”, ətraf mühit mühəndisliyi üzrə doktor Kadriyə Oktor “Zəlzələdən sonrakı tullantıların ətraf mühitə təsiri”, xəritə mühəndisliyi üzrə doktor Erman Şentürk “Peyk məlumatları ilə zəlzələ proqnozu və 2023 Kahramanmaraş zəlzələləri ilə bağlı məlumatlar” və İnşaat mühəndisliyi üzrə mütəxəssis Serkan Engin “6 fevral Kahramanmaraş zəlzələlərinin ilk ildə təsirləri” adlı məruzələrini təqdim ediblər.

Daha sonra RSXM-nin "Makroseysmik tədqiqatlar" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev Türkiyənin zəlzələ bölgəsində ən çox dağıntıya məruz qalan Kahramanmaraş şəhəri və zəlzələnin episentrində olan Pazarcık qəsəbəsində apardıqları qravimetrik, maqnitometrik, mühəndisi-seysmik və makroseysmik tədqiqatlar haqqında təqdimatla çıxış edib.  

İclas qarşılıqlı müzakirələr və sualların cavablandırılması ilə başa çatıb.

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə